
Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust
tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin
ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən
müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə
Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan
Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid
balını toplaması) tələb olunur.
Trend
xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, peşə tanınması üzrə növbəti imtahan 29 sentyabr
2025-ci il tarixində saat 11:00-da DİM-in Elektron imtahanlar
korpusunda kompüterlər vasitəsilə keçiriləcək.
İmtahanda iştirak etmək üçün TKTA-da qeydiyyatdan keçmiş
ərizəçilər sentyabrın 23-dən etibarən DİM-in internet saytına daxil
olaraq “Elektron imtahanlara buraxılış vərəqələri və
nəticələrin çapı” xidməti vasitəsilə “İmtahana buraxılış
vərəqəsi”ni çap edə biləcəklər. Buraxılış vərəqəsində imtahan yeri,
binası, imtahanın keçirilmə vaxtı və digər zəruri məlumatlar
göstəriləcək.
Ərizəçilər ixtisasları üzrə proqramla və test tapşırığı
nümunələri ilə müvafiq linklərə (“Müəllimlik”,
“Mühəndislik”,
“Hüquq”)
keçid etməklə tanış ola bilərlər.
Müəllimlik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, peşə
bilikləri və verbal
test tapşırıqları ilə məntiqi təfəkkürləri yoxlanılır.
Mühəndislik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri,
situasiya-mühakimə
test tapşırıqları vasitəsilə peşə səriştələri və məntiqi
təfəkkürləri yoxlanılır.
Hüquq üzrə ərizəçilərin ixtisas bilikləri və verbal
test tapşırıqları vasitəsilə məntiqi təfəkkürləri
yoxlanılır.
İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər
doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar
sıfır balla qiymətləndirilir. Səhv cavablar düz cavabların sayına
təsir göstərmir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün
ən azı 15 bal toplaması tələb olunur.