
Bakı. Trend:
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş SOCAR-2025
minifutbol turnirinin qalibi müəyyənləşib.
Trend xəbər
verir ki, sentyabrın 22-də Bakı Tennis Akademiyasında keçirilən
final oyununda “Azneft” İstehsalat Birliyinin komandası “Balakhani
Operating Company LTD” hasilat şirkətinin futbolçuları ilə
qarşı-qarşıya gəlib.
Balaxanı neftçiləri parlaq oyun nümayiş etdirərək rəqiblərinə
5:0 hesabı ilə qalib gəliblər. Eyni zamanda qalib komandanın
qapıçısı Elşad Mustafayev turnirin “ən yaxşı qapıçı” tituluna da
layiq görülüb.
Beləliklə, “Balakhani Operating Company LTD” ötən il “Əsrin
müqaviləsi”nin 30 illiyinə həsr olunmuş SOCAR-2024 mini-futbol
turnirində qazandığı qalib titulunu təkrarlayıb.
“Balakhani Operating Company LTD” komandasının oyunçusu Ələkbər
Əlizadə sevinc hissini gizlətmirdi:
“Oyun çox gərgin və məsuliyyətli idi. Rəqib də güclü idi və
sonadək mübarizə apardı. Amma biz, bütün oyun boyu diqqətimizi
itirmədik, bir-birimizə güvəndik və tapşırıqları sona qədər yerinə
yetirdik. Qələbəmizi Azərbaycanın suverenliyini bayram edən hər bir
vətəndaşımıza həsr edirik”.
Kapitan Rəşad Quliyev isə cəmi üç il qatıldıqları SOCAR
mini-futbol turnirinin ikisinin qalibi olmağın qürurunu
yaşayırdı:
“İl boyu formada qalmaq üçün məşqlərimizi davam etdiririk. Lakin
səni dəstəkləyən azarkeş toplusu, şirkətimizin rəhbərliyi
qarşısında çıxış etmək tamam başqa bir hiss və məsuliyyətdir.
Etimadlarını bir daha doğrultduğumuza sevindim”.