
Bakı. Trend:
“Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın
iqtisadiyyatın şaxələndirilməsi üzrə gələcək səylərini dəstəkləməyə
hazırdır.”
Trend xəbər verir
ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə
regional direktoru Alkis Vrienios Drakinos Bakıda I Azərbaycan
Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, sənayeləşdirmə və şaxələndirmə gələcək
Azərbaycanın iqtisadi baxımdan dayanıqlı və yeni çağırışlara hazır
olmasına imkan verən əsas faktorlardır.
“Təcrübə göstərir ki, Azərbaycanın gələcəyi üçün iqtisadiyyatın
müasir və rəqabətə davamlı qalması son dərəcə vacibdir. Biz
texnologiyalara qoyulan investisiyalarda, ölkənin güclü insan
kapitalından istifadə edilməsində, habelə süni intellekt və
iqtisadiyyatın rəqəmsallaşdırılması sahəsində bacarıqların
inkişafında böyük perspektivlər görürük”,- deyə o bildirib.
AYİB nümayəndəsi həmçinin vurğulayıb ki, rəqəmsallaşma nəqliyyat
sektorunu, Orta Dəhlizin inkişafını əhəmiyyətli dərəcədə dəstəkləyə
və maliyyələşmənin əlçatanlığını asanlaşdıra bilər.
“Biz islahatlar və dəyişikliklər üçün katalizator, biliklərini
bölüşə bilən, etimadı gücləndirən və inkişaf istiqamətinin
formalaşdırılmasına birgə kömək edən etibarlı tərəfdaşıq.
Azərbaycanın hökuməti ilə çox yaxşı münasibətlərimiz var və
ümidvarıq ki, bu münasibətləri davam etdirərək ölkə iqtisadiyyatına
dəstək olmuş olacağıq”, – o əlavə edib.