
Bakı. Trend:
Avropa İttifaqı Azərbaycanın minalaradan ziyan çəkmiş
rayonlarına dəstəyi davam etdirəcək.
Trend xəbər verir
ki, bu haqda Avropa Komissiyasının Aİ-nin genişlənmə məsələləri
üzrə komissarı Marta Kosun Azərbaycan və Ermənistan səfərlərinin
nəticələrinə dair bəyanatında deyilir.
Səfər zamanı komissar Kos Aİ-nin Cənubi Qafqazda sülh, sabitlik
və iqtisadi inkişafa sadiqliyini təsdiqləyərək Ermənistan və
Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə
dəstək verdiyini vurğulayıb. O, ticarət marşrutları, infrastruktur
layihələri və insanlar arasında əlaqələrin inkişafı vasitəsilə
regional əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.
Azərbaycan səfəri çərçivəsində Aİ ilə iqtisadi əməkdaşlığın
genişləndirilməsi və “Global Gateway” təşəbbüsü çərçivəsində
investisiyaların cəlbi məqsədilə Yüksək Səviyyəli İqtisadi İşçi
Qrupunun yaradılması barədə razılıq əldə olunub.
O, həmçinin Aİ-nin humanitar minatəmizləmə sahəsində dəstəyini
davam etdirəcəyini təsdiqləyib: Aİ və onun üzv dövlətləri “Team
Europe” təşəbbüsü çərçivəsində 23 milyon avroya qədər vəsait
ayırır.
“Səfərim zamanı verilən bəyanatlar bu baxışı konkret resurslarla
dəstəkləyir, son diplomatik irəliləyişi bütün region üçün real
nəticələrə çevirir”,- deyə Kos bildirib.