
Bakı. Trend:
İran və Azərbaycan arasında enerji sektorunda ikitərəfli və
çoxtərəfli əməkdaşlıq layihələri müəyyənləşib.
Bunu Trend-ə özəl müsahibəsində İranın
Azərbaycandakı səfiri Muctaba Dəmirçilu deyib.
Səfir bildirib ki, iki ölkə arasında ikitərəfli və çoxtərəfli
əməkdaşlıq layihələrinin tənzimlənməsi üzrə işlərin tezliklə başa
çatdırılacağı gözlənilir.
“Layihələrdən Xəzər dənizində neft rezervuarında əməkdaşlıq
anlaşmasının icrası, İran-Azərbaycan-Rusiya arasında elektrik
şəbəkəsinin sinxronlaşdırılması, Rusiya qazının Azərbaycan vasitəsi
ilə İrana nəql olunması, Azərbaycan-İran-İraq arasında qaz svopu,
Azərbaycan-İran-Pakistan arasında qaz və elektrik svopunu qeyd
etmək olar. Enerji sektoru İran və Azərbaycan münasibətlərinin
inkişafında böyük əhəmiyyət kəsb edir. İran və Azərbaycanın bu
sahədə çox yaxşı münasibətləri var.”
İran səfiri qeyd edib ki, İran Azərbaycanın enerji sektorunda
çox yaxşı səviyyədə investisiya yatırıb.
“Eyni zamanda Türkmənistan qazının Azərbaycana svopu, Azərbaycan
qazının Naxçıvana svopu iki ölkənin qaz sektorunda ümidverici
əməkdaşlığını əks etdirir. İki ölkə Araz çayı üzərində birgə
şəkildə istismar edilməsi üçün hidroqovşaqlar inşa edib və yaxın
gələcəkdə həmin hidroqovşaqlarda Su Elektrik Stansiyaları
tikiləcək”, – deyə o qeyd edib.

