UNEC-də kök salan şəhidlər: Onların xatirəsi Xan çinarla əbədiləşdirildi (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

UNEC hər zaman vətənimizin
azadlığı və bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin
xatirəsini böyük ehtiramla yad edir.

Bu ənənə çərçivəsində 27 Sentyabr – Anım Günü münasibətilə
UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində xüsusi tədbir
keçirilib.

Trend xəbər
verir ki, tədbirdə UNEC-in müəllim-tələbə heyəti ilə yanaşı,
universitetin Vətən müharibəsində şəhid olmuş məzunları – Məzdək Eyvazlı
Əbil Cəbizadənin
valideynləri də iştirak ediblər. Tədbirin açılışında Dövlət himni
səsləndirilib, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib və
onların həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.

Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov
çıxış edərək UNEC kollektivinin şəhidlərimizin xatirəsini hər zaman
yüksək tutduğunu, onların valideynlərinin isə UNEC ailəsinin ən
əziz və dəyərli üzvləri olduqlarını diqqətə çatdırıb. O, şəhidlərin
qısa və mənalı həyat yolunun gənclər üçün əsl vətənpərvərlik
məktəbi, qəhrəmanlıq nümunəsi olduğunu deyib.




Tədbirdə şəhidlərin vətənpərvərliyindən, vətəninə, xalqına olan
sevgisindən söz açılıb. Bildirilib ki, Məzdək Eyvazlı və Əbil
Cəbizadənin doğum günlərinin 26 fevral – Xocalı faciəsi gününə
təsadüf etdiyi üçün onlar heç vaxt doğum günlərini qeyd etməyiblər,
həmin günün acısını qəlblərində yaşadıblar. Vətən müharibəsi
başlananda hər iki gəncin könüllü olaraq, vətənin müdafiəsinə
yollandıqları və hərb meydanında cəsarətlə döyüşdükləri diqqətə
çatdırılıb. Məzdək Eyvazlının Füzulinin azad olunması uğrunda, Əbil
Cəbizadənin isə Xocavənd rayonunun Zoğalbulaq kəndi istiqamətində
gedən döyüşlərdə şücaətlə döyüşərək şəhidlik zirvəsinə ucaldıqları,
ölümlərindən sonra medallarla təltif olunduqları qeyd edilib.

Tədbirin ən duyğulu və simvolik anı isə şəhidlərin xatirəsinin
əbədiləşdirilməsi məqsədilə onların təhsil aldıqları tədris
binasının həyətində Xan
çinarlarının əkilməsi olub
. Şəhidlərin valideynlərinin iştirak
etdiyi ağacəkmədə duyğusal anlar yaşanıb.

Əkilən çinar ağacları UNEC-in şəhid məzunlarına olan ehtiramın,
şəhidlərin ölməz ruhlarının UNEC-də kök saldığının, onların ruhunun
bu elm ocağında əbədi yaşayacağının simvolu kimi dəyərləndirilib.
Bildirilib ki, həmin ağaclar hər budağı ilə şəhidlərin yazdığı
igidlik tarixinin, dərin kökləri ilə vətənə bağlılıqlarının canlı
nişanəsinə çevriləcək.