Ermənistan vətəndaşları Nikol Paşinyanın, “ATƏT-in Minsk qrupunun üzvlərinin”, səfir Anjey Kaspşikin, Ermənistanın XİN başçısının şahid qismində dindirilməsini məhkəmədən xahiş ediblər

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası
vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə
prosesində təqsirləndirilən şəxslər vəsatətlərlə çıxış ediblər.

Trend xəbər
verir ki, təqsirləndirilən David Manukyan söz alaraq Ermənistan
Respublikasının vətəndaşı Nikol Vova oğlu Paşinyanın (Baş nazir
Nikol Paşinyan nəzərdə tutulur – red.) şahid qismində
çağırılmasını, yaxud videokonfrans vasitəsilə məhkəmə prosesinə
qoşulmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs David Babayan “ATƏT-in Minsk qrupunun
həmsədrləri”nin, xüsusilə də səfir Anjey Kaspşikin, habelə
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın məhkəməyə şahid
qismində cəlb olunmasını hakimdən xahiş edib.

“O adamlar bizi tanıyırlar və birbaşa əlaqədə olmuşuq. Onlar çox
yaxşı şahid olarlar”, – deyə o əlavə edib.

Təqsirləndirilən şəxs Davit İşxanyan vaxtilə Azərbaycan
ərazilərində olmuş Rusiya sülhməramlılarının 6 generalının –
general Muradov, general Kosabokov, general Anaşkin, general
Volkov, general Lentsov və general Kulakovu burda şahid qismində
cəlb olunmasını məhkəmədən xahiş edib.

“Mənim onlara bir sıra suallarım var. Onlar burda olan 15
nəfərlə birbaşa və yaxud bilavasitə əlaqədə olublar. Yenidən təkrar
edirəm: birbaşa və yaxud bilavasitə. Düşünürəm ki, məhkəmənin də
onlara sualları olar. Əgər alınmasa belə, onların burada iştirakını
videobağlantı vasitəsilə təmin edəsiniz”, – deyə o əlavə edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət
bildirərək qeyd edib ki, hazırkı mərhələdə ittiham tərəfinin təqdim
etdiyi sənədlər tədqiq olunur.




Bundan başqa, adları qeyd olunan şəxslərlə bağlı isə qeyd edib
ki, məhkəməyə dəvət olunması xahiş edilən həmin şəxslərin
təqsirləndirilən şəxslərə verilmiş və hazırda məhkəmədə baxılan
ittihamlarla əlaqəsi yoxdur.

Odur ki, onların məhkəmədə şahid qismində və ümumiyyətlə hər
hansı bir digər şəxs qismində dindirilməsinə zərurətin olmaması
vurğulanıb.

Qeyd olunanlara əsasən dövlət ittihamını müdafiə edən prokuror
vəsatətin təmin olunmamasını məhkəmədən xahiş edib.

Məhkəmə iclasına sədrlik edən tərəfləri dinləyərək verilmiş
vəsatətin rədd olunması haqqında qərar qəbul edib.

Qərarı əsaslandıran zaman sədrlik edən qeyd edib ki, müdafiə
tərəfi vəsatətdə hansı halların araşdırılması, bu halların
ittihamla bağlılığı və s. əhəmiyyət kəsb edən halları
göstərməyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının
məhkəməsi davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir