
Bakı. Trend:
20 sentyabr 2025-ci il tarixində Qazax Müəllimlər
Seminariyasında və yeni fəaliyyətə başlamış İncəsənət Mərkəzində
Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin
140 illik yubileyi münasibətilə tədbir keçirilib.
Trend xəbər
verir ki, Üzeyir Hacıbəylinin zəngin irsinin qorunması, gənc nəslə
tanıdılması və milli musiqi mədəniyyətinin regionlarda təbliği
məqsədini daşıyan yubiley tədbiri ADA Universiteti və Mədəniyyət
Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Gün ərzində sərgi,
rəsmi və elmi çıxışlar, həmçinin konsert proqramı təqdim
olunub.
ADA Universiteti tərəfindən bərpa edilən tarixi İsrafil ağa
hamamı bundan sonra Qazax Müəllimlər Seminariyasının İncəsənət
Mərkəzi kimi fəaliyyət göstərəcək. Buradakı ilk sərgi Üzeyir
Hacıbəylinin həyat və yaradıcılığına həsr olunub.
Tədbirin rəsmi hissəsində ADA Universitetinin rektoru Hafiz
Paşayev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və
universitetin prorektoru Vəfa Kazdal çıxış ediblər.
Rektor Hafiz Paşayev çıxışında gənc nəslin milli kimliyini,
mənsubiyyətini və ölkə tarixini öyrənməsinin vacibliyini
vurğulayaraq qeyd edib ki, bu dəyərlərin dərindən mənimsənilməsi
yalnız fərdi inkişaf üçün deyil, həm də Azərbaycan dövlətçiliyinin
möhkəmlənməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm
əhəmiyyət kəsb edir.
“Dəyərlərlə bərpa olunan məkan və təhsil” mövzusunda çıxış edən
Qazax Müəllimlər Seminariyasının İdarə Heyətinin üzvü Qalib Məmməd
isə təhsildə dəyərlərin önəmini qeyd edib və xalqımızın görkəmli
maarifçilərinin irsinin yaşadılmasının əhəmiyyətindən danışıb.
Proqram çərçivəsində Azərbaycanın tanınmış musiqişünas, tarixçi
və incəsənət xadimlərinin iştirakı ilə “Üzeyir Hacıbəyli fenomeni:
XXI əsrdən baxış” mövzusunda panel müzakirəsi keçirilib.
Musiqişünas və Beynəlxalq Musiqi Şurasının rəhbəri Nigar
Axundovanın moderatorluğu ilə keçirilən panel müzakirəsində Bakı
Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi, Zümrüd
Dadaşzadə, Azərbaycan Milli Konservatoriyasının rektoru professor
Kamilə Dadaşzadə, AMEA-nın Folklor İnstitutunun
direktoru, Hikmət Quliyev, tarix elmləri doktoru, professor Solmaz
Tohidi, bəstəkar, musiqişünas və publisist Elmir Mirzəyev,
Azərbaycan Milli Konservatoriyasının prorektoru, Azərbaycan
Respublikasının Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova
məruzələrlə çıxış ediblər.
Daha sonra “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramının
2024–2025-ci tədris ili məzunlarına diplomlar təqdim olunub.
Yubiley tədbiri xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə
Niyazi adına Dövlət Simfonik Orkestrinin təqdim etdiyi möhtəşəm
konsertlə başa çatıb.