
Bakı. Trend:
Bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı
bərpa işləri həyata keçirir. Həmin ərazilərdə 12 şəhərin baş planı
hazırlanıb, onlardan 8-i artıq müasir şəhərsalma və ekoloji
prinsiplərlə tamamlanıb, 90 kənd və qəsəbə planlaşdırılıb.
Trend xəbər
verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Anar Quliyev Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya
Forumunda bildirib.
Onun sözlərinə görə, indiyədək 28 yaşayış məntəqəsinə, o
cümlədən 6 şəhərə keçmiş məcburi köçkünlər geri qayıdıb. Hazırda
azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, işləyir və
təhsil alır:
“Son 4 ildə üç beynəlxalq hava limanı, 4 min kilometr yol və
avtomagistral, yeni dəmir yolu infrastrukturu, yaşayış binaları,
səhiyyə müəssisələri və təhsil ocaqları inşa olunub.
Azad edilmiş ərazilərin böyük bərpa olunan enerji potensialı var
və bu ərazilər rəsmi olaraq “Yaşıl Enerji Zonası” elan edilib. Son
dörd il ərzində 38 su elektrik stansiyası istismara verilib,
nəticədə 620 min ton karbon emissiyasının qarşısı alınıb; günəş və
külək enerjisi layihələri də inkişaf etdirilir.
Bu yalnız bərpa deyil, müasir şəhərsalma və ekoloji prinsiplərlə
bütün regionların yenidən təsəvvür olunması, çoxsaylı sahələrdə
özəl investisiyalar üçün yeni imkanların yaradılmasıdır”.
“Şübhəsiz ki, bu transformasiyaların heç biri özəl sektorun
etibarlı, vizioner və bacarıqlı tərəfdaşları olmadan uğurla həyata
keçirilə bilməz. Biz dövlət-özəl tərəfdaşlığının yüksək keyfiyyətli
və dayanıqlı şəhər inkişafının açarı olduğuna qəti inanırıq”, –
sədr əlavə edib.