
Humanitar böhranlar zamanı səmərəli nəticənin əldə edilməsi
kompleks yanaşma və dövlət qurumları, o cümlədən təhlükəsizlik
orqanları və xarici tərəfdaşlar arasında effektiv qarşılıqlı
fəaliyyətin qurulması sayəsində mümkün olur.
Trend xəbər
verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli
Nağıyev III Bakı Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu kontekstdə təbii fəlakətlərin, texnogen
qəzaların və silahlı toqquşmaların əlamətləri, habelə kritik
infrastrukturlara kiber və fiziki müdaxilənin edilməsi barədə
niyyət və ya cəhdlərin erkən mərhələdə müəyyənləşdirilməsi olduqca
vacibdir:
“Göründüyü kimi, humanitar böhranların qarşısının alınmasında
təhlükəsizlik orqanlarının rolu təkcə fiziki müdaxilə ilə
məhdudlaşmır. Kəşfiyyat və əks-kəşfiyyat məlumatlarının əldə
edilməsi və mübadiləsi, erkən xəbərdarlıq, strateji planlaşdırma,
təşkilati-hüquqi mexanizmlərin inkişafi və humanitar strukturlarla
koordinasiyalı fəaliyyət sahələrini də əhatə edir”.
DTX rəisi qeyd edib ki, təhlükəsizlik orqanlarının qarşılıqlı
fəaliyyətinin düzgün təşkili yalnız fövqəladə halların nəticələrini
azaltmaqla məhdudlaşmır, eləcə də humanitar tədbirlərin həyata
keçirilməsinə dəstək verməklə həm vətəndaşların rifahının
yaxşılaşdırılması, həm də dövlətin təhlükəsizlik və legitimlik
maraqlarının təmin olunması baxımından həlledici əhəmiyyət
daşıyır.

