
Bakı. Trend:
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh
və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik
Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David
Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət
işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 22-də
davam etdirilib.
Trend xəbər verir
ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə,
Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim
Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən
şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri
üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və
nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar
iştirak ediblər.
Təqsirləndirilən şəxs Arayik Harutyunyanın vəkili vəsatətlə
çıxış edərək bildirib ki, məhkəmədə elan olunan sənədlərin
çoxluğunu nəzərə alaraq, sübutların qismən tədqiqi həyata
keçirilsin. Əgər hansısa epizod təqsirləndirilən şəxsin və
müdafiəçinin marağında olarsa, o zaman məhkəməyə müraciət edilsin
və həmin epizoda dair sübutlar tədqiq olunsun.
Təqsirləndirilən şəxs Arayik Harutyunyan vəsatətlə razı
olduğunu, digər müdafiəçilər və təqsirləndirilən şəxslər, dövlət
ittihamçıları, zərərçəkmiş şəxslər və onların nümayəndələri də
etiraz etmədiklərini bildiriblər.
Hakim Zeynal Ağayev vəsatətin məhkəmə tərəfindən təmin
edildiyini diqqətə çatdırıb.
Sonra təqsirləndirilən şəxs Bako Sahakyanın vəkili çıxış edərək,
müdafiə etdiyi tərəfin ifadələri ilə tanış olmaq üçün həmin
sənədlərin surətlərinin təqdim olunmasını istəyib.
Hakim bildirib ki, həmin sənədləri məhkəmə iclas katibi ilə
əlaqə saxlayıb götürə bilərlər.
Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib.
Bildirilib ki, elan ediləcək sənədlər epizodlar üzrə tədqiq
olunacaq.
1991-ci il avqustun 23-də Əsgəran rayonunun Cəmilli kəndində
“UAZ” markalı avtomobilin atəşə tutulması faktı üzrə sənədin
tədqiqi zamanı bildirilib ki, içərisində çoxsaylı sərnişin olan
“UAZ” markalı avtomobilin ermənilər tərəfindən avtomat silahlardan
atəşə tutulması nəticəsində N.F.Salahov, V.İ.Sadıxov və
M.S.Abdullayeva həlak olub, çoxlu sayda sərnişin yaralanıb.
Digər cinayət işi Ermənistan ordusu tərəfindən 1992-ci ilin
fevralında Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin iri və
kiçikçaplı silahlardan intensiv atəşə tutulması, ağır texnikalardan
istifadə etməklə hər iki kəndə hücumla bağlı olub. Bu hadisələr
nəticəsində Malıbəyli kənd sakinlərindən çoxlu sayda şəxs
öldürülüb, bir neçə nəfər itkin düşüb, Quşçular kəndində isə bir
neçə nəfər öldürülüb, çoxlu sayda şəxs isə girov götürülüb.
Daha bir cinayət işi – 1991-ci il sentyabrın 8-də Xocavənd
rayonunda “LAZ” markalı avtobusun atəşə tutulması faktı üzrə sənəd
tədqiq olunarkən bildirilib ki, Kiş kəndinin fermasının
yaxınlığında avtomat silahlarla silahlanmış ermənilər tərəfindən
avtobusa açılan atəş nəticəsində bir neçə nəfər hadisə yerində
ölüb, onlarla şəxs yaralanıb.
Digər sənəd 1991-ci il noyabrın 4-5-də Qazax rayonunun Xeyrimli
kəndinin silahlılar tərəfindən müxtəlif növ silahlardan atəşə
tutulması ilə bağlı olub. Hadisə nəticəsində həmin kənd
sakinlərindən çoxlu sayda şəxs həlak olub və müxtəlif dərəcəli
bədən xəsarətləri alıblar.
Təqsirləndirilən şəxs David Manukyan söz alaraq – “Ermənistan
Respublikasının vətəndaşı Nikol Vova oğlu Paşinyanın (Baş nazir
Nikol Paşinyan nəzərdə tutulur – red.) şahid qismində
çağırılmasını, yaxud videokonfrans vasitəsilə məhkəmə prosesinə
qoşulmasını” məhkəmədən xahiş edib.
Təqsirləndirilən şəxs David Babayan “ATƏT-in Minsk qrupunun
həmsədrləri”nin, xüsusilə də səfir Anjey Kaspşikin, habelə
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın məhkəməyə şahid
qismində cəlb olunmasını hakimdən xahiş edib. “O adamlar bizi
tanıyırlar və birbaşa əlaqədə olmuşuq. Onlar çox yaxşı şahid
olarlar”, – deyə o əlavə edib.
Təqsirləndirilən şəxs Davit İşxanyan vaxtilə Azərbaycan
ərazilərində olmuş Rusiya sülhməramlılarının 6 generalının –
general Muradov, general Kosabokov, general Anaşkin, general
Volkov, general Lentsov və general Kulakovun şahid qismində cəlb
olunmasını məhkəmədən xahiş edib.
“Mənim onlara bir sıra suallarım var. Onlar burada olan 15
nəfərlə birbaşa və yaxud bilvasitə əlaqədə olublar. Yenidən təkrar
edirəm: birbaşa və yaxud bilvasitə. Düşünürəm ki, məhkəmənin də
onlara sualları olar. Əgər alınmasa belə, onların burada iştirakını
videobağlantı vasitəsilə təmin edəsiniz”, – deyə o əlavə edib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət
bildirərək qeyd edib ki, hazırkı mərhələdə ittiham tərəfinin təqdim
etdiyi sənədlər tədqiq olunur.
Bundan başqa, adları qeyd olunan şəxslərlə bağlı isə qeyd edib
ki, məhkəməyə dəvət olunması xahiş edilən həmin şəxslərin
təqsirləndirilən şəxslərə verilmiş və hazırda məhkəmədə baxılan
ittihamlarla əlaqəsi yoxdur.
Odur ki, onların məhkəmədə şahid qismində və ümumiyyətlə hər
hansı bir digər şəxs qismində dindirilməsinə zərurətin olmaması
vurğulanıb. Qeyd olunanlara əsasən dövlət ittihamını müdafiə edən
prokuror vəsatətin təmin olunmamasını məhkəmədən xahiş edib.
Məhkəmə iclasına sədrlik edən tərəfləri dinləyərək verilmiş
vəsatətin rədd olunması haqqında qərar qəbul edib. Qərarı
əsaslandıran zaman sədrlik edən qeyd edib ki, müdafiə tərəfi
vəsatətdə hansı halların araşdırılması, bu halların ittihamla
bağlılığı və s. əhəmiyyət kəsb edən halları göstərməyib.
Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib.
1991-ci il noyabrın 20-də hərbi vertolyotun vurulması faktı üzrə
elan olunan sənəddə bildirilib ki, hadisə zamanı aralarında
Azərbaycanın Baş prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri
İsmət Qayıbov, müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrə
dövlət müşaviri, milis general-mayoru Məhəmməd Əsədov, Dövlət
katibi Tofiq İsmayılov, Baş nazirin müavini Zülfü Hacıyev, Milli
Məclisin deputatları Vaqif Cəfərov və Vəli Məmmədov, Prezident
Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili
işlər nazirinin müavini, general-mayor Saylal Serikov Dosumoviç,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, telejurnalist Alı
Mustafayev və digərlərinin də olduğu 22 nəfər həlak olub. Xocavənd
rayonunun Qarakənd kəndində hadisə yerinə baxış keçirilib,
vertolyotun aparıcı vintinin qurtaracaq hissəsinin güllə deşmiş
qırığı, vertolyotun güllə deşmiş qırıqları və s. aşkar edilib.
Daha bir sənəd Əsgərova Salatın Əziz qızı və digərlərinin
öldürülməsi faktı üzrə olub.
1992-ci il yanvarın 28-də sərnişin helikopteri ilə bağlı sənəddə
göstərilir ki, vertolyot Ermənistan silahlı qüvvələri tərəfindən
raketlə vurulub. Nəticədə vertolyot torpaq yola çırpılaraq
partlayıb, 42 nəfər ölüb.
Xocalı soyqırımı ilə bağlı cinayət işinin sənədləri də diqqətə
çatdırılıb. Bildirilib ki, hadisə yerinə baxış vertolyotla ərazinin
üzərindən hərəkət etməklə keçirilib, bu zaman Xocalı şəhərində
evlərin alovlar içərisində yandığı, şəhərin küçələrində təxminən
500-dək şəxsin meyiti, zədələnmiş və yandırılmış müxtəlif markalı
avtomaşın və avtobuslar, küçələrdə Ermənistan silahlı qüvvələrinin
hərbçilərinin piyada hərəkət etdikləri müşahidə edilib. Bu zaman
həmin Ermənistan silahlı qüvvələri istintaq-əməliyyat qrupunun
olduğu vertolyotu da avtomat silahlardan atəşə tutub.
Sənədlərə əsasən, “Azərinform”un (indiki AZƏRTAC – red.)
fotomüxbiri İlqar Cəfərov şahid qismində ifadəsində göstərib ki,
1992-ci il fevralın 26-da Xocalı faciəsinin törədilməsi barədə
məlumatı alan kimi əraziyə gedib, martın 1-də səhər tezdən Ağdam
şəhər məscidinin önündə Xocalı qırğınından xilas olan, oradan
qaçarkən soyuqdan donmuş, yaralanmış dinc sakinlərin, erməni
hərbçilər tərəfindən Xocalıda qətlə yetirilmiş yaxın adamlarının
meyitlərini gözləyən insanların, gətirilən meyitlərin yaxın
şəxslərinin faciəsini fotoşəkillərlə qeydə alıb.
Şahid qismində dindirilmiş Baş fotoinformasiya redaksiyasının
müxbiri Oqtay Məmmədov ifadəsində göstərib ki, 1992-ci il martın
3-də Bakı şəhərinin Təcili yardım xəstəxanasına gedərək Xocalıdan
gətirilmiş yaralı şəxsləri fotoşəkillərini çəkib. Bunlardan hər iki
valideyni qətlə yetirilmiş 8 yaşlı Xatirə Orucovanın, gözlərinin
qarşısında 2 qardaşı qətlə yetirilmiş 18 yaşlı Xuramanın,
Ermənistan silahlı qüvvələrinin atəşlərindən qaçarkən Naxçıvanlı
kəndi yaxınlığındakı meşədə qarlı ərazidə ayaqlarını don vurmuş
13-14 yaşlı Mübariz Həmidovun və Mübariz Mahmudovun şəxsiyyətini
yadda saxlasa da, qalan şəxslər barədə məlumatı olmayıb.
Habelə şahid qismində dindirilmiş “Azərinform”un Fotoxronika
bölməsinin baş redaktoru Mixail Çanurovun, “Ostankino” Teleradio
şirkətinin Azərbaycan Respublikasında müxbir məntəqəsinin müdiri
Mais Məmmədovun da ifadələri elan edilib.
Sənədlərin tədqiqi cinayət işlərinə aid fotolarla müşayiət
olunub.
Dövlət ittihamçısı Fuad Musayev vəsatətlə çıxış edərək, məhkəmə
iclasında 1991-1992-ci illərdə baş verən cinayət hadisələri tədqiq
edildiyinə görə, Ermənistanın müdafiə nazirinin sabiq müavini
Manvel Qriqoryanın mətbuata müsahibəsinin sübut kimi tədqiq
olunmasını xahiş edib.
Hakim dövlət ittihamçısının vəsatətini təmin edib.
Məhkəmə prosesinin gedişində təqsirləndirilən şəxs Davit
İşxanyan vəkili ilə konfidensial görüş üçün imkan yaradılmasını
istəyib.
Məhkəmə vəsatəti təmin edib.
Konfidensial görüşdən sonra təqdim olunan videomüsahibədə
M.Qriqoryan Azərbaycan dövlətinə və xalqına qarşı törədilmiş
cinayətlərdə iştirak etdiyini söyləyir. O, müsahibəsində rəhbərlik
etdiyi cinayətkar təşkilatın fəaliyyətindən, onun üzvlərinin
silahlanaraq Azərbaycan ərazilərinə göndərilməsindən də danışır.
“Hətta onları yoldan oğurlayırdıq, tuturduq, döyürdük, qorxudurduq
ki, gəlməsinlər… Ağbulaq məktəbində həm erməni, həm də türklər
birlikdə idilər, böyük məktəb idi. Biz məktəblərdə uşaqlarla
işləyirdik ki, türkləri döysünlər…”, – kimi ifadələr səsləndirən
M.Qriqoryan müsahibəsində qeyd edir ki, “hər şeyi bilərək, yəni biz
idarə edirdik…”.
Məhkəmə prosesi sentyabrın 25-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı
qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,
şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan
Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,
Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən
sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair
cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,
Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon
Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,
Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz
sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228
(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə
və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.