
Bakı. Trend:
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Nyu-Yorkda dünyanın alternativ investisiyalar sahəsində ən
böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset
Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə
görüşüb.
Trend xəbər verir
ki, Brüs Flətt 2023-cü ildə ölkəmizə səfəri zamanı Azərbaycanda
müşahidə etdiyi iqtisadi tərəqqi və inkişaf proseslərinin onda
dərin təəssürat hissi yaratdığını bildirib.
O, rəhbərlik etdiyi şirkətin Azərbaycan Respublikası Dövlət Neft
Fondu ilə uğurlu əməkdaşlığının getdikcə genişləndiyini
vurğulayıb.
Brüs Flətt Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında
münasibətlərin normallaşdırılması ilə bağlı əldə edilmiş
nəticələrlə bağlı təbriklərini çatdırıb və bunun bölgədə iqtisadi
əməkdaşlığın dərinləşdirilməsi üçün də yaxşı imkan yaratdığını
deyib.
Ölkəmizlə “Brookfield Asset Management” şirkəti ilə arasında
qurulmuş əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirən
Prezident İlham Əliyev bunun əməkdaşlığımızın uzunmüddətli strateji
inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayıb.
Söhbət zamanı Azərbaycanın bərpaolunan enerji sahəsindəki
imkanları və ölkəmizin regional enerji mərkəzinə çevrilməsi
perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 1899-cu ildə əsası qoyulan və baş ofisi Kanadada
yerləşən “Brookfield Asset Management” qlobal miqyasda alternativ
investisiyaların idarə edilməsi sahəsində aparıcı şirkətlərdən
biridir. Şirkət infrastruktur, daşınmaz əmlak, bərpaolunan enerji,
özəl kapital və kredit kimi əsas istiqamətlər üzrə investisiya
portfellərini idarə edir. Hazırda “Brookfield”in idarəçiliyində
olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından çoxdur.
Şirkət Nyu-York, London, Sidney, Dubay, San Paulo, Mumbay və Şanxay
da daxil olmaqla dünyanın əsas maliyyə mərkəzlərində təmsil
olunub.