
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
22-də Nyu-Yorkda “Neuberger Berman” şirkətinin sədri və baş icraçı
direktoru Corc Volker ilə görüşüb.
Trend xəbər verir
ki, görüşdə Azərbaycan ilə “Neuberger Berman” şirkəti arasında
əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında
fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev ölkəmizin beynəlxalq maliyyə qurumları və
nüfuzlu investisiya şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinə
önəm verdiyini vurğulayaraq, bu xüsusda “Neuberger Berman” şirkəti
ilə tərəfdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını
ifadə edib.
Söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondunun
2016-cı ildən etibarən bu şirkətlə səmərəli tərəfdaşlığının
ölkəmizin maliyyə sektorunun inkişafına və beynəlxalq investisiya
imkanlarının genişlənməsinə töhfə verdiyi vurğulanıb.
Corc Volker rəhbərlik etdiyi şirkətin qlobal maliyyə və
investisiya fəaliyyəti barədə məlumat verərək, Azərbaycanla
əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, regionda baş verən
iqtisadi proseslərin şirkət üçün əhəmiyyətini vurğulayıb, yeni
layihələr çərçivəsində tərəfdaşlığın genişləndirilməsi üçün mövcud
imkanların dəyərləndirildiyini bildirib.
Qeyd edək ki, 1939-cu ildə Nyu-Yorkda təsis olunmuş “Neuberger
Berman” qlobal investisiya idarəetmə şirkətidir. Hazırda şirkət
beynəlxalq institutlar, məsləhətçilər və fərdi investorlar üçün
yarım trilyondan çox ABŞ dolları məbləğində aktivləri idarə
edir.