
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
22-də Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti və baş
əməliyyat direktoru Conatan Qrey ilə görüşüb.
Trend xəbər verir
ki, Conatan Qrey Azərbaycanda həyata keçirilən iqtisadi
islahatların və inkişaf proseslərinin beynəlxalq investorlar üçün
cəlbedici imkanlar yaratdığını vurğulayıb. O, rəhbərlik etdiyi
şirkətin Azərbaycanla, xüsusilə də Azərbaycan Respublikası Dövlət
Neft Fondu ilə uğurlu əməkdaşlığının genişləndirilməsində maraqlı
olduğunu qeyd edib və ölkəmizdə formalaşmış əlverişli investisiya
mühitini yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında aparıcı
maliyyə institutları ilə əməkdaşlığa böyük önəm verdiyini deyərək,
ölkəmizdə sabitlik, şəffaflıq və davamlı inkişaf prinsipləri
əsasında formalaşmış iqtisadi mühitin yeni tərəfdaşlıqlar üçün
əlverişli zəmin yaratdığını vurğulayıb.
Qeyd edək ki, alternativ investisiyaların idarə edilməsi üzrə
dünyanın ən böyük şirkətlərindən biri olan “Blackstone” 1985-ci
ildə Nyu-Yorkda təsis olunub. Şirkət özəl kapital, daşınmaz əmlak,
kredit, infrastruktur, data mərkəzləri, bərpaolunan enerji və hedc
fondları üzrə investisiya portfellərini idarə edir. Hazırda
“Blackstone”un idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1
trilyon ABŞ dollarından artıqdır. Baş ofisi Nyu-Yorkda yerləşən
şirkət London, Honq Konq, Dubay, Sinqapur və Tokio da daxil olmaqla
dünyanın 27 şəhərində fəaliyyət göstərir.

