
Bakı. Trend:
Serbiyanın daxili və xarici ticarət naziri ilə görüşdə
ölkələrimiz arasında strateji tərəfdaşlığın gücləndirilməsi,
iqtisadi əməkdaşlığın şaxələndirilməsi, həmçinin ticarət,
investisiya və biznes əlaqələrinin qarşılıqlı təşviqi müzakirə
olunub.
Trend xəbər verir
ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov 1-ci Azərbaycan Beynəlxalq
İnvestisiya Forumu çərçivəsində Serbiyanın daxili və xarici ticarət
naziri Yaqoda Lazareviç ilə görüşüb.
Görüşdə vurğulanıb ki, yüksəksəviyyəli qarşılıqlı səfərlər,
görüş və tədbirlər, imzalanan sənədlər Azərbaycan və Serbiya
arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.
Serbiya ilə iqtisadi-ticarət əməkdaşlığının möhkəmləndirilməsi üçün
böyük potensial olduğu diqqətə çatdırılıb. Qarşılıqlı sərmayə
qoyuluşu, enerji, nəqliyyat və digər istiqamətlər üzrə əməkdaşlığın
bu potensiala uyğun şəkildə gücləndirilməsinin vacibliyi
bildirilib.
Tərəflər ölkələrimiz arasında strateji tərəfdaşlığın
gücləndirilməsi, iqtisadi əməkdaşlığın şaxələndirilməsi, həmçinin
ticarət, investisiya və biznes əlaqələrinin qarşılıqlı təşviqi
məsələlərini müzakirə ediblər. Fikir mübadiləsi zamanı birgə
təşəbbüslər üçün perspektivlərə diqqət yönəldilib və qarşılıqlı
iqtisadi əlaqələrin inkişafına töhfə verə biləcək layihələrin
uğurla gerçəkləşdirilməsinin əhəmiyyəti vurğulanıb.