
Bakı. Trend:
Bu gün Nyu-Yorkdakı mənzil-qərargahda BMT Baş Assambleyasının
80-ci sessiyası çərçivəsində yüksək səviyyəli debatlar start
götürür.
Trend-in
məlumatına görə, 150-dən çox dövlət və hökumət başçısı həmçinin
nümayəndə heyətləri ilə birlikdə tədbirdə iştirak edir. Dünya
liderlərinin çıxışları sentyabrın 30-dək davam edəcək.
Nyu-York şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib: polis
qüvvələrinin sayı artırılıb, kortejlər, dronlar, helikopterlər və
patrul xidmətləri cəlb olunub, əsas küçələr bağlanıb.
Sessiyanı BMT Baş katibi Antonio Quterreş və qurumun builki
prezidenti Annalena Berbok giriş nitqi ilə açacaq. Ardınca ənənəyə
uyğun olaraq ilk çıxışı Braziliya Prezidenti Luiz İnasio Lula da
Silva edəcək. Daha sonra isə ev sahibi ölkənin lideri – ABŞ
Prezidenti Donald Tramp çıxış edəcək.
Debatlar “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf
və insan hüquqları naminə” mövzusuna həsr olunub. Müzakirələrdə
Rusiya–Ukrayna müharibəsi, Qəzzadakı vəziyyət, Fələstin məsələsi,
dayanıqlı inkişaf məqsədləri və iqlim böhranı əsas diqqət
mərkəzində olacaq.