
Bakı. Trend:
Məhkəmə qərarının icrası zamanı borclunun əmək haqqı və digər
gəlirlərinə yönəldilən tutulmalar “İcra haqqında” Qanun və
Cəzaların İcrası Məcəlləsi ilə tənzimlənir.
Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, icra
sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər
sayılan digər gəlirlərindən tutmaların məbləği 50
faizdən çox ola bilməz.
Bildirilir ki, tələb bir neçə icra sənədi üzrə borclunun əmək
haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə
qazancın 50 faizi borcluda qalmalıdır:
“Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi,
ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə
vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın
ödənilməsi zamanı yuxarıdakı məhdudiyyətlər tətbiq edilmir.
Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər
gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola
bilməz”.
“Qanunda tələbin yönəldilməsinə yol verilməyən pul məbləğlərinin
siyahısı müəyyənləşib. Müvafiq maddədə göstərilənlərdən başqa tələb
borcluya ödənilən digər pul məbləğlərinə yönəldilə bilər.
Bir neçə icra sənədi üzrə tutulma olduqda belə, borcludan
tutulan ümumi məbləğ müvafiq olaraq onun gəlirlərinin
50 faiz və ya 70 faizindən çox
olmamalıdır”, – qurumdan əlavə olunub.