FHN-dən fövqəladə hallarla bağlı sürücülərə MÜRACİƏT

Baş səhifə

Bakı. Trend:

Yay istirahət mövsümünün bitməsi və yeni tədris ilinin başlaması
ilə şəhərdaxili avtomobil yollarında sıxlıq müşahidə
olunmaqdadır.

Trend xəbər verir ki, bu
barədə Fövqəladə Hallar Nazirliyiynin müraciətində deyilir.

Bildirilir ki, belə vəziyyət fövqəladə hadisə ünvanına tələsən
xüsusi təyinatlı texnikaların, o cümlədən yanğınsöndürən və
xilasetmə avtomobillərinin yollarda hərəkəti və hadisə yerinə
vaxtında çatması üçün çətinliklər yaradır:




“Xüsusilə, bəzi sürücülərin hadisə yerinə tələsən yanğınsöndürən
və xilasetmə avtomobillərinə yol verməməsi son nəticədə baş vermiş
yanğın, qəza və digər hadisələrin nəticələrinin operativ aradan
qaldırılması və mümkün zərərin minimuma endirilməsi üçün nəqliyyat
vasitələrinin hadisə yerinə vaxtında çatmasına maneə törədir”.

“Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi
avtonəqliyyat vasitələri sürücülərinə müraciət edərək, onları
avtomobil yollarında operativ nəqliyyat vasitələri olan
yanğınsöndürən və xilasetmə avtomobillərinə dərhal yol verməyə
çağırır.

Xatırladırıq ki, avtomobil yollarında yanğınsöndürən və
xilasetmə avtomobillərinə yol verməyən sürücülər qanunvericiliklə
müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşımaqla yanaşı, yanğın,
qəza və digər fövqəladə hadisə ərazisinə vaxtında çatıb hadisənin
qarşısının alınması, ən əsası isə təhlükədə olan insan həyatının
xilas edilməsi işinə ciddi çətinlik törətməklə həm də mənəvi
məsuliyyət daşıyırlar”, – müraciətdə əlavə olunub.