
Bakı. Trend:
Dünya mürəkkəb və çoxşaxəli böhranlarla üz-üzədir. Silahlı
münaqişələr, iqlim dəyişiklikləri, sürətli urbanizasiya və rəqəmsal
təhlükələr cəmiyyətlərin sabitliyini sarsıdır.
Trend
xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Bahar Muradova Qadınlara dair Dördüncü Dünya
Konfransının otuzuncu ildönümünə həsr olunmuş BMT Baş
Assambleyasının Yüksək Səviyyəli İclası çərçivəsində Türkiyənin
təşkil etdiyi və Azərbaycanın bir sıra ölkələrlə birgə
həmtəşkilatçı olduğu “Birlikdə daha güclüyük: Ailədən qaynaqlanan
qlobal həmrəylik” mövzusunda yan tədbirdə çıxışı zamanı deyib.
Bahar Muradova bildirib ki, belə bir dövrdə ən etibarlı dayaq
ailədir və Azərbaycan üçün ailə hər zaman yalnız şəxsi həyatın
deyil, həm də sosial münasibətlərin, milli həmrəyliyin və ictimai
sabitliyin əsas dayağı olub.
“Hazırda ölkəmizdə ailə siyasəti dövlətin inkişaf
strategiyasının prioritet istiqamətlərindəndir. Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi bu sahədə uşaq hüquqlarının
müdafiəsi, ailə dəyərlərinin gənclər arasında təbliği, sosial
rifahın yüksəldilməsi, məişət zorakılığı ilə mübarizə və zərərli
rəqəmsal məzmunlara qarşı tədbirlər kimi məsələləri diqqət
mərkəzində saxlayır”,- deyə komitə sədri əlavə edib.
O, Azərbaycanın son illərdə həyata keçirdiyi hüququ islahatlar
barədə danışaraq bu baxımdan nikah yaşının yalnız 18-dən
başlamasını, yaxın qan qohumları arasında nikaha məhdudiyyətlərin
tətbiq edilməsini, erkən evlilik və yetkinlik yaşına çatmayanlarla
dini nikah bağlanmasına şərait yaradanlara qarşı inzibati və
cinayət məsuliyyətinin sərtləşməsini vurğulayıb.
Bahar Muradova bildirib ki, Azərbaycan ailə siyasətinə həm milli
dəyərlərin qorunması, həm də müasir beynəlxalq standartların
tətbiqi prizmasından yanaşır.
O əlavə edib ki, Türkiyə Respublikasının birinci xanımı Əminə
Ərdoğanın və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyevanın dəstəklədiyi “Sıfır tullantı” təşəbbüsü yalnız
ekoloji layihə deyil, həm də ailə institutunun həmrəylik
platforması kimi dəyərlidir. “Üç əsas istiqamətdə beynəlxalq
əməkdaşlığı vacib hesab edirik. Bu ilk növbədə sosial həmrəyliyin
möhkəmləndirilməsi – milli səviyyədə atılan addımların qlobal
miqyasda paylaşılması ola bilər. Bir digər istiqamət uşaqların
qorunması – xüsusilə rəqəmsal dövrdə onların təhlükəsiz və sağlam
mühitdə böyüməsini təmin etməkdir. Üçüncü isə, qlobal tərəfdaşlıq –
“ailə diplomatiyası” platformalarının qurulması və ən yaxşı
təcrübələrin mübadiləsi məsələsidir. Azərbaycan inanır ki, ailəyə
göstərilən hər bir dəstək əslində bəşəriyyətə xidmətdir. Güclü
ailələr güclü icmalar yaradır, güclü icmalar isə sabit dövlətlərə
çevrilir və qlobal sabitlik üçün dayanıqlı zəmin formalaşdırır”,-
deyə komitə sədri vurğulayıb.
Tədbirdə Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan,
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş
və tərəfdaş ölkələrin təmsilçiləri çıxış ediblər.