
Bakı. Trend:
İranda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev İran
İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi
Əli Laricani ilə görüşüb.
Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Baş nazirin müavini Şahin Mustafayev Ali Şuranın
yeni katibini təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində
uğurlar arzulayıb.
Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq və regional
təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb,
Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin, o cümlədən
Azərbaycanla İran arasında həyata keçirilən Araz dəhlizinin, eləcə
də digər müştərək layihələrin əhəmiyyəti vurğulanıb.