
Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun səhm portfeli son 2
ildə kəskin şəkildə artaraq 17 milyard dolları ötüb.
Fonddan Trend-ə verilən məlumata görə, hazırda səhmlər Fondun
ümumi investisiya portfelinin 25,7%-ni təşkil edərək istiqrazlardan
(38,9%) və qızıldan (28,8%) sonra üçüncü yeri tutur.
Bildirilib ki, ötən il Fondun 6%-lik gəlirinin əsas hissəsini
səhmlər təşkil edib. 2012-ci ildən bəri səhm yatırımları üzrə
kumulyativ gəlir 211,3% təşkil edir.
Səhmlər, xüsusən də dotcom səhmləri ən riskli investisiyalardır
və hazırkı qeyri-sabit qlobal investisiya mühitində bu
investisiyaların ildən-ilə artırılması Fondun rəhbərliyindən bilik
və bacarıq, eləcə də böyük cəsarət tələb edir.
Səhm bazarına sərmayə qoyan ən böyük Suveren Rifah Fondu 2
trilyon dollar aktivi olan Norveç Pensiya Fondudur . Fondun
aktivlərinin 70,6 faizini səhmlər təşkil edir. Norveç Fondunun
investisiyaların idarə olunmasından əldə etdiyi gəlir onun neft-qaz
sektorundan daxilolmalarını 2 dəfə üstələyir.
“Son illər ARDNF-nin sərgilədiyi səhm portfelinin artan xətti
dinamikası onu deməyə əsas verir ki, Azərbaycan Fondu bu
istiqamətdə analoji uğura nail olmaq niyyətindədir.
Fond səhm bazarını prioritet seçib və sabit gəlirli
istiqrazların payını azaltmaqla bu alətin xüsusi çəkisini ildən-ilə
artırır”, – deyə məlumatda qeyd edilib.

