
Bakı. Trend:
Stanford Universiteti dünyanın ən nüfuzlu alimlərinin yer aldığı
TOP 2% siyahısının 2024-cü il üzrə nəticələrini açıqlayıb.
Reytinq tərtib edilərkən iki əsas istiqamət – tədqiqatçıların
1788-2024-cü ilin sonuna qədər olan karyerasını əhatə edən
“Career-long impact” və yalnız 2024-cü ildə alınan sitatlar və
nəşrləri əks etdirən “Single recent year” göstəriciləri əsas
götürülüb.
“Career-long impact” göstəricisinə əsasən, yəni 1788–2024-cü
illər ərzində alimlərin nəşr və istinad göstəricilərinə görə
aparılan qiymətləndirmədə Azərbaycan üzrə 21 tədqiqatçı siyahıya
düşüb. Onlardan 5 nəfəri UNEC-in
əməkdaşıdır. Bu, ümumi göstəricinin 24%-ni təşkil edir və
UNEC bu nəticə ilə ölkədə 1-ci yerə yüksəlib.
Xüsusilə sevindirici haldır ki, ötən il bu kateqoriyada UNEC-dən
heç bir tədqiqatçı siyahıda yer almamışdı.
“Single recent year” (yalnız 2024-cü ildəki nəşrlər və sitatlar)
göstəricilərinə əsasən isə Azərbaycan üzrə 41 alim siyahıya daxil
edilib. Onların 8 nəfəri UNEC-in tədqiqatçılarıdır. Bu, 20%-lik
göstərici deməkdir. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu
göstərici UNEC üzrə 17% təşkil etmişdi.
Stanford Universitetinin tərtib etdiyi bu nüfuzlu reytinq
dünyanın ən azı 5 elmi məqaləyə sahib olan 100.000 alimindən yalnız
ilk 2%-lik qrupa daxil olanları əhatə edir. Qiymətləndirmə 22 əsas
elmi sahə və 147 alt sahə üzrə aparılıb. Reytinqin
formalaşdırılmasında ümumi istinad sayı, h-indeks, müəlliflik
mövqeyi (tək, birinci, sonuncu müəllif), özünə istinad və
istinadsız göstəricilər, sitatların neçə müxtəlif məqalədən olduğu
kimi metriklər əsas götürülüb.