
Bakı. Trend:
Azərbaycan və SOCAR ölkəmizə və bütövlükdə İtaliyaya yeni
investisiyalar, müasir yanaşma və dəyərli təcrübə gətirə bilər.
Bunu Trend-ə
açıqlamasında “Italiana Petroli S.p.A”nın İdarə Heyətinin sədri Uqo
Braçetti Peretti Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq
İnvestisiya Forumunun ikinci günü çərçivəsində bildirib.
O, təmsil etdiyi şirkətin tarixi yolundan danışıb: “Italiana
Petroli S.p.A” olaraq bizim əsas töhfəmiz ondan ibarətdir ki, uzun
tarixi olan bir şirkət kimi son illərdə uğurlu fəaliyyət
göstərmişik. İtaliyada ilk neft şirkəti kimi həm pərakəndə satış,
həm emal, həm də logistika sahəsində böyük təcrübə qazanmışıq.
Düşünürəm ki, Azərbaycan və SOCAR ölkəmizə və bütövlükdə
İtaliyaya yeni investisiyalar, müasir yanaşma və dəyərli təcrübə
gətirə bilər”.
Uqo Braçetti Peretti Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu
ifadə edib: “Azərbaycan Aralıq dənizi regionunda qaz, xam neft və
neft məhsullarının istehsalı üzrə əsas ölkələrdən biridir. Bu
sahədə Azərbaycanın böyük etibarı və nüfuzu var. Biz də
Azərbaycanla bu əməkdaşlığı qurduğumuz üçün çox məmnunuq”.
Qeyd edək ki, bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq
İnvestisiya Forumunun ikinci günü çərçivəsində Azərbaycan Dövlət
Neft Şirkəti (SOCAR) ilə “Italiana Petroli S.p.A” və “MIP S.p.A”
arasında səhmlərin alqı-satqısı üzrə üçtərəfli saziş imzalanıb.
Sazişə SOCAR prezidenti Rövşən Nəcəf və “Italiana Petroli S.p.A”
şirkətinin İdarə Heyətinin sədri Uqo Braçetti Peretti imza
atıblar.
Bu razılaşma Azərbaycanın enerji sektorunda beynəlxalq
əməkdaşlığın dərinləşməsi və SOCAR-ın strateji tərəfdaşlıqlarının
genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.