
Bakı. Trend:
Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində
Azərbaycanın peşəkar milli musiqisinin banisi, Şərqdə ilk operanın
müəllifi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə
konsert təşkil edilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Bildirilib ki, onsertdə şəhər meriyasının mədəniyyət şöbəsinin
rəhbərliyi, şəhər Şurasının deputatları, diaspor fəalları,
ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak
ediblər.
Tədbir çərçivəsində Azərbaycana aid rəsm sərgisi nümayiş
olunub.
Rəsmi hissədə Azərbaycan və Ukraynanın Dövlət himnləri
səsləndirildikdən sonra Krivoy Roq şəhəri “Azərbaycan Diasporu”
təşkilatının rəhbəri Kamaləddin Ağayev, Krivoy Roq şəhər
Meriyasının mədəniyyət şöbəsinin rəhbəri İrina Vasileyevna, Müslüm
Maqomayev adına Beynəlxalq Fondun sədri Hafiz Aslanov çıxış
ediblər.
Kamaləddin Ağayev çıxışında Üzeyir Hacıbəylinin 140 illik
yubileyinin Krivoy Roqda qeyd edilməsini milli musiqinin
birləşdirici gücünün mədəniyyətlərarası dialoqun və ümumbəşəri
dəyərlərə verilən önəmin göstəricisi kimi dəyərləndirib.
Çıxışlarda Azərbaycanın milli musiqi kimliyinin formalaşmasında
Üzeyir Hacıbəylinin müstəsna rolundan bəhs ediblər. Üzeyir
Hacıbəylinin əsərlərinin Azərbaycan sərhədlərini aşaraq dünya
səhnələrində uğurla nümayiş olunduğu və xalqlar arasında mədəni
körpüyə çevrildiyi bildirilib.
Tədbirin bədii hissəsində Krivoy Roq şəhərinin kamera orkestri
Üzeyir Hacıbəyli, Qara Qarayev və Firəngiz Əlizadənin əsərlərini
ifa edib.
Konsert tamaşaçıların böyük rəğbətini qazanıb.