27 Sentyabr – Azərbaycan Ordusunun qəhrəmanlıq səlnaməsinin başlandığı gün

Baş səhifə

Bakı. Trend:

Beş ildir ki, hər ilin 27 sentyabrında Azərbaycan xalqı başı
dik, qürurla və ehtiramla şəhidlərini yad edir. Bu tarix bir xalqın
əsrlərlə davam edən ədalətsizliyə qarşı hayqırtısı, torpaq
həsrətinə son qoymaq üçün bir millətin ayağa qalxdığı gündür. 27
sentyabr 2020-ci il Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir.
Məhz bu gündən etibarən xalqımız 30 ilə yaxın davam edən erməni
işğalına “yetər!” dedi və tariximizin ən şanlı səhifələrindən
birini yazmağa başladı. Vətən müharibəsində canını torpaq uğrunda
fəda edən oğulların qəhrəmanlığı bu günü həm kədər, həm də qürur
günü kimi yaddaşlara həkk etdi. Azərbaycan xalqı bu gündə 44 gün
boyunca döyüş meydanında qanı və canı ilə tarix yazan qəhrəman
Vətən oğullarının xatirəsini sonsuz ehtiramla anır. Bu gün eyni
zamanda, 200 ildən artıq davam edən erməni təcavüzkarlığına və
düşmənçiliyinə verilən ən qəti və ədalətli cavabın rəmzidir. Bu
tarix həm də bütün dünyaya, xüsusən də düşmənlərimizə Azərbaycanın
gücünü, əsgərinin şücaətini, xalqının birliyini və dövlətin
iradəsini nümayiş etdirdi. Bir sözlə, 27 Sentyabr Prezident İlham
Əliyevin “Qarabağ Azərbaycandır və nida!” sözlərinin gerçəyə
çevrildiyi, xalqın bu amal uğrunda bir yumruq kimi birləşdiyi
gündür.

2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı
başladığı növbəti hərbi təcavüzə cavab olaraq Müzəffər Ali Baş
Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı
torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı.
Artıq səbirlər tükənmişdi. Hər kəs o günü, Müzəffər Ali Baş
Komandanın əmrini gözləyirdi. Otuz il davam edən beynəlxalq
riyakarlıq, ikili standartlar, münaqişənin nizamlanması üçün
yaradılmış Minsk Qrupunun nəticəsiz fəaliyyəti, kağız üzərində
qalan beynəlxalq qətnamələr və Ermənistanın bu illər ərzində
ərazilərimizdə törətdiyi təxribatlar, təmas xətti boyunca dinc
əhalimizə atəş açması xalqın səbr kasasını doldurmuşdu.

2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Tovuz döyüşləri və
sentyabrın 27-də ölkəmizə qarşı başlanan növbəti təcavüz bir daha
bütün dünyaya göstərdi ki, Azərbaycan bu işğalla heç vaxt
barışmayacaq. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzə son
qoymaq məqsədilə Ali Baş Komandan, Prezident İlham Əliyev dərhal
bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Beləliklə, rəşadətli
Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti və
beynəlxalq hüququ bərpa etmək üçün silaha sarıldı. Ali Baş
Komandanın döyüş əmri bizi Qarabağ arzumuza yaxınlaşdıran tarixi
günün başlanğıcı oldu. O gün millətin daxilində illərlə yığılıb
qalan döyüş ruhu və birlik hissləri sanki vulkan kimi püskürdü.
Dövlət başçısının xalqa müraciətində dediyi “Biz haqq yolundayıq.
Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir,
Qarabağ Azərbaycandır!” sözləri əsgərimizin döyüş əzmini daha da
gücləndirdi.

Bəli, xalqın çoxdan gözlədiyi gün gəlmişdi. “Vətən bizi
çağırır!” deyərək könüllü cəbhəyə yollanan gənclərin üzlərində
sevinc, gözlərində isə qisas hissi vardı. Vətən uğrunda şəhidliyi
mükafat olaraq qəbul edən Azərbaycan oğulları 44 gün ərzində necə
döyüşdüklərini, Vətən borcuna necə sadiq olduqlarını bütün dünyaya
nümayiş etdirdilər. Döyüş meydanında da, arxa cəbhədə də hər kəs
bir məqsədə xidmət edirdi: Rəhbər, ordu və xalq birliyi. Bu isə
Vətən müharibəsində qələbəni şərtləndirən əsas amil oldu.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən
döyüşlərdə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə
gecə-gündüz çalışan mülki insanlar və bütövlükdə xalqımızın
iradəsi, bir yumruq kimi birləşməsi düşmənə sarsıdıcı zərbələr
endirdi. Qan-qadasız, itkisiz müharibə olmur. Hər qazanılan zəfərin
arxasında qəhrəman şəhidlərin qanı var. Torpaq şəhidlərin qanı ilə
Vətən olur. Bu mənada xalq oğullarını necə təntənə ilə cəbhəyə yola
salırdısa, şəhidlərini ondan da böyük izdihamla qarşılayırdı.
Üçrəngli bayrağımızı öpüb bağrına basan, “Vətən sağ olsun” deyən
neçə-neçə mətanətli şəhid valideyni gördük. Bütün dünya Azərbaycan
əsgərinin şücaətinə şahidlik etməklə yanaşı, “Ermənistanın güclü
ordusu var”, “erməni xalqı döyüşkən xalqdır” kimi miflərin sadəcə
uydurma olduğunu da anladı.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımızı
işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkəmizin ərazi
bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin,
bütün şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Prezident
İlham Əliyevin 27 sentyabrın Anım Günü kimi qeyd olunması ilə bağlı
imzaladığı Sərəncam şəhidlərimizə və onların doğmalarına ali
ehtiramın göstəricisidir.

Qarabağda tarix yazan Vətən oğullarına vəfa borcumuz isə hər
gün, hər an davam edir. Unutmamalıyıq ki, bu gün Qarabağa Böyük
Qayıdışın sevinci onların sayəsindədir. Bu gün viran qalmış yurd
yerlərimizdə yanan işıqlar öz nurunu şəhid ruhlarından alır.
Qəhrəman Azərbaycan əsgərinin ayaq izlərinin açdığı cığırla
başlayıb doğma Şuşamıza uzanan möhtəşəm Zəfər yolu onların
əsəridir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş torpaqlarda
bu gün çoxşaxəli layihələr həyata keçirilir. 1990-cı illərdə yenicə
müstəqilliyini əldə etmiş Azərbaycan Ermənistanın təcavüzü ilə
üz-üzə qalmış, daxildə isə siyasi çəkişmələr, dövlətçiliyə təhlükə
yaradan qüvvələr ölkəni uçuruma aparırdı. Belə bir zamanda xalqın
israrlı tələbi ilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı
vəziyyəti sabitləşdirdi, vətəndaş müharibəsinin qarşısını aldı.




Xalqımızın qarşısında duran növbəti böyük hədəf torpaqlarımızın
işğaldan azad edilməsi idi. Amma ermənipərəst güclər bu məsələnin
həllini sonsuzadək uzatmağa çalışırdı. ATƏT-in Minsk qrupu 28 il
ərzində sadəcə bölgəyə turist kimi səfərlər etməklə işlərini bitmiş
hesab edirdilər. Məqsədləri münaqişəni Ermənistanın xeyrinə
dondurmaq idi. Nəhayət, 2020-ci ilin Vətən müharibəsində Azərbaycan
özü ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının yerinə
yetirilməyən 4 qətnaməsi hərb meydanında reallığa çevrildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdam, Laçın və Kəlbəcər
bir güllə atılmadan azad olundu. 2023-cü ilin sentyabrında 23
saatlıq antiterror tədbirləri ilə separatizmə son qoyularaq dövlət
suverenliyimiz tam təmin edildi.

Bu qələbə ilə Cənubi Qafqazda yeni reallıqlar formalaşdı.
Təhlükəsizlik, dayanıqlı sülh və əməkdaşlıq üçün zəmin yarandı.
Bütün bunlar Prezident İlham Əliyevin 22 illik qətiyyətli siyasəti,
sərrast diplomatiyası və xalqın dəstəyi ilə mümkün oldu. Prezident
İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən bir nömrəli vəzifə kimi
torpaqlarımızın işğaldan azad edilməsini və məcburi köçkünlərin
doğma yurdlarına qayıdışını qarşısına məqsəd qoydu. Həmin vaxtdan
etibarən milli maraqlarımızın təmin olunması uğrunda məqsədyönlü və
uzaqgörən siyasət yürüdən qalib lider Prezident İlham Əliyev dünya
gücləri ilə bərabər səviyyədə mübarizə apararaq Azərbaycanı
bütövləşdirdi. Beləliklə, o, həm də Ulu Öndər Heydər Əliyevin
vəsiyyətini gerçəkləşdirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşaya, Xankəndiyə,
Kəlbəcərə, Laçına qayıdış sadəcə torpağa deyil, kimliyə, tarixə və
milli qürura qayıdış oldu. Xankəndidə beynəlxalq və yerli media
nümayəndələri ilə keçirilən görüş zamanı Prezident İlham Əliyev bu
müqəddəs vəzifənin onun üçün hansı əhəmiyyət daşıdığını belə ifadə
etdi: “Əgər bilsəydim ki, torpaqları geri qaytara bilməyəcəyik, biz
bəlkə də daha 17 il gözləyəcəkdik, sonra yenə 17 il. O zaman artıq
mən olmayacaqdım və bu, vacib olmayacaqdı. Mən mənəvi baxımdan
hazır idim ki, bunu kimsə başqa biri edəcək. Amma başa düşürdüm ki,
əgər mən etməsəm, yəqin ki, bunu heç kim edə bilməz. Bu, bəlkə də
çox iddialı səslənə bilər, amma bu, sadəcə, mənim fikirləşdiyim idi
və xatirələrimi bölüşürəm. Qələbəmiz ədalətli və tam bir qələbədir.
Bu Qələbə göstərdi ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır.
Bu ədaləti əldə etmək üçün hər gün işləmək, hər gün qələbəyə
yaxınlaşmaq lazımdır. Ən vacib amil isə cəmiyyətin həmrəyliyidir.
Həmrəyliyin Prezident, Ali Baş Komandan olaraq mənə verdiyi mənəvi
güc çox böyük idi. Əmin idim ki, xalq mənim arxamda dayanacaq. Bu
da yəqin ki, həlledici amillərdən biri oldu.” Bu fikirlər artıq
tarixin yaddaşına yazıldı.

Hər günü bir dastan, hər anı bir qəhrəmanlıq salnaməsi olan bu
müharibə, Azərbaycan tarixinin ən şanlı və ən möhtəşəm
səhifələrindən biri kimi əbədi yaddaşlara həkk olundu. O səhifələr
şəhidlərimizin müqəddəs qanı, qazilərimizin rəşadəti, xalqımızın
sarsılmaz iradəsi və ən əsası, qalib sərkərdəmiz, Ali Baş Komandan,
Prezident İlham Əliyevin qətiyyəti ilə möhürləndi. Prezident İlham
Əliyev bir millətin 30 illik həsrətinə, Qarabağ dərdinə son qoydu.
O, yalnız torpaqları deyil, xalqın ümidini, ləyaqətini, milli
kimliyini geri qaytardı. Şuşaya qayıdışı ilə xalqın mədəni ruhunu
dirçəltdi, Xankəndini azad edərək ədaləti bərpa etdi, Laçını və
Kəlbəcəri isə sülh yolu ilə, siyasi iradə və qətiyyətlə geri aldı.
Bu tarixi ədalətə, əzəli həqiqətə, xalqın milli heysiyyatına
qayıdış idi.

Bu, zamanın axarında pozulmağa çalışılan yaddaşın bərpası, milli
ruhun yenidən doğuluşu idi. Bu gün artıq Qarabağda həyat bərpa
olunur. İllərlə viran qalan şəhərlər yenidən dirçəlir. Füzuli,
Zəngilan, Qubadlı, Ağdam, Şuşa və digər bölgələrdə yollar çəkilir,
məktəblər, xəstəxanalar, evlər inşa olunur. Qarabağda həyat var,
çünki artıq orada Azərbaycan əsgəri var, Azərbaycan bayrağı
dalğalanır, Azərbaycan xalqı öz doğma yurduna qayıdır. Bu gün
Qarabağda yanan hər bir işıq, əsən hər bir bayraq, atılan hər bir
bərpa addımı bir daha sübut edir: Qarabağ Azərbaycandır! Bu, artıq
sadəcə bir şüar deyil bu, tarixdir, bu, gerçəkdir, bu, xalqın
qələbə salnaməsidir! Azərbaycan xalqı bu Zəfəri unutmur və heç
zaman unutmayacaq. Qalib Ordumuzun, şəhidlərimizin və Müzəffər Ali
Baş Komandanın yazdığı bu şanlı tarix hər birimizin mənəvi borcudur
yaşatmalı, gələcək nəsillərə ötürməliyik. Çünki bu Zəfərin müəllifi
xalqı ilə birgə bir yumruq kimi birləşərək tarix yazan, iradəsi ilə
torpaqları azad edən, sarsılmaz liderliyi ilə düşmənə diz çökdürən
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir.

Cəlil Xəlilov,
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının sədri, polkovnik