
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 23-də Polşa
Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Pavel
Radomski ilə görüşüb.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, səfiri Azərbaycanda diplomatik fəaliyyətə
başlaması münasibəti ilə təbrik edən spiker Sahibə Qafarova ümidvar
olduğunu bildirib ki, o, səfir kimi gələcək fəaliyyətində
ikitərəfli əlaqələrimizin daha da genişlənməsinə töhfə verəcək.
Söhbət zamanı, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin
zəngin tarixə malik olduğu qeyd edilərək, hazırda Azərbaycan və
Polşa arasında siyasi və iqtisadi sahədə münasibətlərin
inkişafından məmnunluq ifadə olunub. Həmçinin ali və yüksək
səviyyəli səfərlərin əlaqələrin inkişafında mühüm rolu
vurğulanıb.
Görüşdə əlaqələrin inkişafında parlamentlər arasında
münasibətlərin müsbət rolu, bu istiqamətdə təmasların vacibliyi
qeyd olunub. Tərəflər qarşılıqlı səfərlərin, o cümlədən, dostluq
qruplarının fəaliyyətinin qanunverici orqanlarımız arasında
münasibətlərin daha da dərinləşməsinə töhfə verdiyini ifadə
ediblər.
Səfir Pavel Radomski ölkəmizin və paytaxt Bakının inkişafı ilə
bağlı müsbət fikirlərini ifadə edib. O, işğaldan azad edilmiş
torpaqlarımıza səfər etdiyini, orada aparılan genişmiqyaslı
quruculuq işlərinin onda dərin təəssürat yaratdığını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da
fikir mübadiləsi aparılıb.