Cari ildə xanım sürücülərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində 16 nəfər həlak olub – BDYPİ

Baş səhifə

Bakı.Trend:

Cari ilin ötən dövründə xanım sürücülərin iştirakı ilə baş
vermiş 107 yol-nəqliyyat hadisəsində 16 nəfər həlak olub, 159 nəfər
isə xəsarət alıb.

Trend xəbər
verir ki, bu barədə BDYPİ məlumat yayıb.

Bildirilib ki, aparılan təhlillərə görə, bəzi hallarda
diqqətsizlik, yol hərəkəti qaydalarına riayət olunmaması ağır yol
qəzalarının baş verməsinə səbəb olur. Təkcə cari ilin ötən dövründə
xanım sürücülərin iştirakı ilə baş vermiş 107 yol-nəqliyyat
hadisəsində 16 nəfər həlak olmuş və 159 nəfər xəsarət alıb.

“Hər bir xanım sürücü, bir ana, həyat yoldaşı və cəmiyyətin
dəyərli üzvü olmaqla övladına, ailəsinə və cəmiyyətə qarşı
məsuliyyətini dərk edərək, yol hərəkəti qaydalarına tam
məsuliyyətlə yanaşmalıdır”.

Əgər nəqliyyat vasitəsi ilə hərəkət zamanı yüksək sürət, qəfil
və təhlükəli manevrlər kimi ekstremal davranışlara həvəs yaranarsa,
qadın sürücülər bir anlıq düşünməlidir:




“Bu hərəkətlər hara aparır – insan həyatının sonuna,
xəstəxanaya, yoxsa həbsxanaya?”

Ciddi qayda pozuntuları törədən zaman qadın övladlarını, analıq
borcunu, ailəsini, cəmiyyətdəki rolunu və nüfuzunu göz önünə
gətirməlidir.

Unutmayın qadına həbsxana yaraşmır, sürət fəxr deyil,
təhlükədir, qəza bir anda baş verir, peşmançılıq isə ömürlük
olur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün xanım sürücüləri
soyuqqanlı və məsuliyyətli davranmağa, emosiyaya və riskli
hərəkətlərə uymamağa çağırır.

Yol hərəkəti bir yarış deyil – bu, həyatın özüdür.