
Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, BMT Baş Assambleyasının 80-ci
sessiyası çərçivəsində 34-cü Ali Səviyyəli Toplantısını təşkil
edəcək. Toplantı ABŞ-nın Nyu-York şəhərində, 23-26 sentyabr
tarixlərində baş tutacaq.
Mərkəzdən Trend-ə verilən məlumata görə, “Multilateralizm Dönüm
Nöqtəsində: Çağırışlar və Sülhə Aparan Yollar” başlığı altında
keçiriləcək toplantıda bir çox cari və sabiq dövlət və hökumət
başçıları, beynəlxalq təşkilat rəhbərləri bir araya gələrək qlobal
əməkdaşlıq və multilateralizmin aktual çağırışlarını müzakirə
edəcəklər.
Qeyd edək ki, bu toplantı BMT Baş Assambleyası çərçivəsində
keçirilən paralel tədbirlər arasında ən böyük toplantı hesab olunur
və 50-dən çox ölkədən yüksək səviyyəli nümayəndələrin, o cümlədən
25-dən çox sabiq və indiki prezidentin, eləcə də 10-dan çox sabiq
və indiki baş nazirin iştirakı baş tutacaq.
Toplantının işində Mərkəzin həmsədrləri xanım Vayra Vike-Frayberqa
və Dr. İsmail Səragəldin, Albaniya, Bosniya və Herseqovina,
Monteneqro Prezidentləri, Bolqarıstan ve Andorranın Baş nazirləri,
Sloveniyanın xarici işlər naziri, Ümumdünya Səhiyyə Təşkilatının
Baş Direktoru, BMT Baş katibinin müavini və BMT Sivilizasiyalar
Alyansının Ali Nümayəndəsi, “UNCTAD”ın Baş katibi, Çin hökumətinin
Avropa məsələləri üzrə xüsusi nümayəndəsi, Beynəlxalq
Telekommunikasiya İttifaqının Baş katibi, “UNEP”, “UNHabitat”, “UNAIDS” ve “UN Women” İcracı direktorları, o cümlədən 30-dan çox
ölkənin sabiq ölkə ve hökumət rəhbərləri, xarici işlər nazirləri
iştirak edəcək.
Ümumi olaraq bildirək ki, toplantı proqramında qlobal
bərabərlik, iqlim dəyişikliyi, qlobal səhiyyə, texnoloji
dəyişikliklər və geosiyasi proseslər üzrə panel müzakirələri, sülhə
gedən yol kimi sessiyalar yer alır. Müzakirə olunacaq mövzular
arasında həmçinin 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya
Şəhərsalma Forumuna (WUF2026) hazırlıq məsələləri də diqqət
mərkəzində olacaq.