
Bakı. Trend:
Sentyabrın 23-də Heydər Əliyev Mərkəzində 3-cü Nəsimi – şeir,
mənəviyyat və incəsənət festivalının açılışı olub.
Trend xəbər verir
ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı,
ICESCO-nun tərəfdaşlığı ilə keçirilən festival “Əbədi həqiqət
axtarışında” mövzusunda beynəlxalq forumla işinə başlayıb.
Forumda Azərbaycanla yanaşı, Almaniya, İran, İraq, Kanada,
Qazaxıstan, Oman, Özbəkistan, Pakistan, Şimali Kipr, Tacikistan,
Türkiyədən alimlər iştirak ediblər.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli
çıxışında bildirib ki, Azərbaycanın zəngin mədəni irsi və ədəbi
ənənələri əsrlər boyu xalqımızın mənəvi inkişafına xidmət edib və
bu irsin qorunması dövlət siyasətinin əsas prioritetlərindən
biridir. O, həmçinin qeyd edib ki, festivalın keçirilməsi həm
ölkəmizdə, həm də beynəlxalq səviyyədə Azərbaycan mədəniyyətinin
tanıdılması və qlobal əməkdaşlığa töhfə verilməsi baxımından böyük
əhəmiyyət kəsb edir.
Nazir vurğulayıb ki, bu tədbirlər, eyni zamanda, ölkəmizin
suverenliyi və ərazi bütövlüyü şəraitində həyata keçirilir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə
əldə olunmuş nailiyyətlər Azərbaycan mədəniyyətinin inkişafını daha
da gücləndirir.
“Nəsiminin irsi təkcə mədəni və ədəbi dəyər deyil, həm də bütün
bəşəriyyət üçün aktual olan humanist dünyagörüşün əsasını təşkil
edir. Hesab edirik ki, bu festival xüsusi əhəmiyyət kəsb edir,
çünki Nəsimi yaradıcılığının, onun fəlsəfəsinin və zəngin ədəbi
irsinin müzakirəsi daha dərin və sistemli kontekstdə aparılır,
dünya elmi və ədəbiyyatı üçün yeni üfüqlər açır.
“Nəsimi” festivalı sadəcə ədəbiyyat bayramı deyil. Bu, şeriyat,
fəlsəfə, mədəniyyət və humanizmin sintezidir. O, mədəniyyətlər, elm
və mənəvi dəyərlər arasında dialoqun birləşdirici meydanına
çevrilib.
Son illərdə Nəsimi yaradıcılığının İslam dünyasında və Şərqdə
ciddi diqqət mərkəzinə çevrilməsi də təsadüfi deyil. Onun
yaradıcılığı humanitar tədqiqatlarda xüsusi yer tutur, insanın
dəyərinə, daxili aləminə, ədalətə əsaslanan fəlsəfəsi isə müasir
dövrümüz üçün olduqca aktualdır. Əminik ki, hazırkı festival
çərçivəsində də beynəlxalq forum bu dəyərlərin təsbitinə, xüsusilə
gənclər arasında təşviqinə yönəlmiş yeni ideyaların inkişafına
töhfə verəcək. Axı Nəsimi fəlsəfəsinin mərkəzində həmişə insan və
onun ləyaqəti dayanır. Bu isə təkcə mədəniyyətə deyil, həm də
ictimai həyatın bütün sahələrinə – iqtisadiyyata, təhsilə, hətta
dövlət siyasətinə aiddir. Nəsimi bu gün yalnız şair deyil, həm də
humanist istiqamətlərin mənbəyidir.
“Nəsimi” festivalı mədəniyyəti, ədəbiyyatı və insanın daxili
mənəvi aləmini birləşdirən unikal hadisədir”,- deyə nazir
vurğulayıb.