
Bakı. Trend:
Daşkəsən dəmir filizi yataqlarının işlənməsi ölkəmiz üçün böyük
iqtisadi səmərələr vəd edən irimiqyaslı layihədir. Bununla belə,
yataqlardakı filizlərin dəmir tərkibinin ortalama 40%-ə yaxın
təşkil etməsi, üstəlik filizlərin yerin daha dərin qatlarında
yerləşməsi, eləcə də ölkəmizin beynəlxalq sulara birbaşa çıxışının
olmaması layihənin əməliyyat və logistika xərclərinin ciddi şəkildə
artmasına səbəb olur.
Trend xəbər
verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir
İbrahimov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya
Forumunun ikinci günü çərçivəsində təşkil edilən brifinqdə
bildirib.
Onun sözlərinə görə, bu amillər öz növbəsində, əlavə dəyər
qazandıran məhsulların istehsalı zərurətini ortaya çıxarır:
“Bütün bunları nəzərə alaraq, layihənin effektiv icrasını təmin
etmək məqsədilə beynəlxalq nüfuzlu məsləhətçi şirkətlərin iştirakı
ilə optimal texnoloji həll yolu müəyyən edildi. Bu yanaşma, üç
mərhələli istehsal zəncirini – 67% dəmir tərkibli daha keyfiyyətli
konsentratın, pellet və isti briketlənmiş dəmirin (İBD) istehsalını
əhatə edir”.
“Sözügedən dəyər zəncirinin qurulması üçün tələb olunan təqribi
investisiya həcmi 1,2 milyard ABŞ dolları təşkil edir”, – Zakir
İbrahimov qeyd edib.

