
Bakı. Trend:
“Azerbaijan Metal Company” şirkəti “Fonte GreenMet Investments
Fund”un investisiya portfelinin mühüm hissəsinə çevriləcək.
Trend xəbər verir
ki, bu barədə “Fonte GreenMet Investments Fund OEIC” şirkətinin baş
direktoru Ercan Musin I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda
çıxışında məlumat verib.
“İlk növbədə dost və qardaş Azərbaycanla birgə investisiya
layihəsinin həyata keçirilməsindən dərin məmnunluğumu bildirmək
istəyirəm. Qazaxıstanı Azərbaycanla dərin tarixi və mədəni əlaqələr
bağlayır.
Əminəm ki, “Azerbaijan Metal Company” MMC “Daşkəsən Dəmir Filiz”
MMC ilə tərəfdaşlıqda idarə olunacaq birgə müəssisə olaraq, “Fonte
GreenMet Investments Fund”un xarici investisiya layihələri arasında
xüsusi strateji yer tutacaq və bizim investisiya portfelimizin
mühüm hissəsinə çevriləcək. Bu əməkdaşlıq yalnız iqtisadi baxımdan
deyil, həm də elmi-texniki biliklərin mübadiləsi, müasir
texnologiyaların tətbiqi və birgə innovativ istehsalın təşkili
baxımından böyük perspektivlər açır. Layihənin gerçəkləşdirilməsi
Azərbaycana yüksək keyfiyyətli metallurgiya məhsullarının
istehsalçısına çevrilməyə imkan verəcək ki, bu da öz növbəsində
bütün Cənubi Qafqaz regionunun sənaye xəritəsində yeni bir səhifə
açmış olacaq”,- deyə o bildirib.
Musin həmçinin qeyd edib ki, Azərbaycanın dayanıqlı iqtisadi
islahatlara sadiqliyi, sabit investisiya mühiti, geostrateji
mövqeyi və zəngin resurs potensialı xarici investorlarla
uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq üçün olduqca
cəlbedici imkanlar yaradır.