
Bakı. Trend:
Son günlər sosial şəbəkələrdə yağıntılı hava və güclü sel
səbəbindən Samur-Abşeron kanalının Xaçmazdan keçən hissəsində suyun
səviyyəsinin kritik həddə çatdığına dair məlumatlar yayılıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Trend-in sorğusuna cavab
olaraq bildirilib ki, hazırda şimal çaylarında bol sululuq müşahidə
olunduğundan mövcud su ehtiyatları Samux-Abşeron kanalına
yönləndirilir və oradan Taxtakörpü su anbarına ötürülür.
“Görüntülərdə əks olunan vəziyyət normal hal kimi
qiymətləndirilir, kanal öz həcmi səviyyəsində doludur, normal
rejimdə və tam işlək vəziyyətdə fəaliyyət göstərir.
Həmçinin Regional Su Meliorasiya Xidmətinin Samux-Abşeron
Kanalının İstismarı İdarəsi prosesi daim nəzarətdə saxlayır. Bu
səbəbdən vətəndaşların hər hansı narahatlığına əsas yoxdur”, – deyə
məlumatda vurğulanıb.
Qeyd edilib ki, Samux-Abşeron kanalı vasitəsilə dolan Taxtakörpü
su anbarı Bakı şəhərini içməli su ilə təmin edən əsas mənbələrdən
biridir.