
Bakı. Trend:
Sentyabrın 23-də Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq
İnvestisiya Forumu (“AIIF 2025”) çərçivəsində “Daşkəsən Dəmir
Filiz” (DDF) MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund
OEIC Limited” şirkəti arasında birgə müəssisə müqaviləsi imzalanıb.
Sazişə əsasən, tərəflərin yaratdığı birgə müəssisə – “Azerbaijan
Metal Company” MMC-nin idarə edilməsi və fəaliyyət istiqamətləri
təsdiqlənib.
Trend xəbər
verir ki, müqaviləni “AzerGold” QSC-nin törəmə şirkəti DDF MMC-nin
Baş direktoru Ceyhun Əliyev və “Fonte Capital Ltd” investisiya
şirkətinin Baş direktoru Yerjan Musin imzalayıb. Qeyd edək ki,
adıçəkilən şirkət Qazaxıstanın geniş şaxələndirilmiş investisiya
portfelinə malik “Fonte Capital Ltd” investisiya şirkətininin
idarəetməsində olan müəsissələrdən biridir.
Yeni təsis edilmiş birgə müəssisə illik 2 milyon ton istehsal gücünə malik isti
briketlənmiş dəmir (İBD) zavodunun maliyyələşdirilməsi,
layihələndirilməsi, qurulması və istismarı ilə məşğul olacaq.
Şəmkir rayonu ərazisində tikilməsi planlaşdırılan zavodun 2029-cu
ilin əvvəlində istismara verilməsi, burada müasir, ekoloji cəhətdən
təhlükəsiz texnologiyalardan istifadə olunması nəzərdə tutulub.
Qeyd edək ki, Daşkəsən dəmir filizi yatağının işlənməsi ölkəmiz
üçün böyük iqtisadi səmərələr vəd edən irimiqyaslı layihədir.
Bununla belə, yataqdaki filizlərin dəmir tərkibinin nisbətən aşağı
olması (ortalama ~40%), filizlərin yerin daha dərin qatlarında
yerləşməsi, eləcə də ölkəmizin beynəlxalq sulara birbaşa çıxışının
olmaması layihənin əməliyyat və logistika xərclərinin ciddi şəkildə
artmasına səbəb olur. Bu amillər isə, öz növbəsində, əlavə dəyər
qazandıran məhsulların istehsalı zərurətini ortaya çıxarır. Bütün
bunları nəzərə alaraq, layihənin effektiv icrasını təmin etmək
məqsədilə beynəlxalq nüfuzlu məsləhətçi şirkətlərin iştirakı ilə
optimal texnoloji həll yolu müəyyən edildi. Bu yanaşma, üç
mərhələli istehsal zəncirini – > 67% dəmir tərkibli daha
keyfiyyətli konsentratın, pellet və isti briketlənmiş dəmirin (İBD)
istehsalını əhatə edir.
Hazırda zənginləşdirmə və pellet istehsalı mərhələsi üzrə yekun
bank təyinatlı Texniki-İqtisadi Qiymətləndirmə prosesi həyata
keçirilir. Proses çərçivəsində geoloji, metallurji, texniki və
iqtisadi təhlillər tamamlandıqdan sonra, layihənin bu hissəsi üzrə
tikinti-quruculuq işlərinə başlanılacaq.
Layihənin ikinci
mərhələsi illik 2 milyon ton istehsal gücünə malik İBD
zavodunun qurulmasını əhatə edir. Birgə müəsisə müqaviləsi
çərçivəsində qurulacaq İBD zavodu Daşkəsən dəmir filizi layihəsinin
əsas kapital yüklü seqmenti olmaqla ümumi investisiya dəyəri
təxminən 700 milyon ABŞ dolları təşkil edir. Bu təşəbbüs məhz
dövlət büdcəsinə düşən maliyyə yükünün azaldılması məqsədilə xarici
sərmayə cəlb edilərək həyata keçirilir. Layihə çərçivəsində ÜDM-yə
illik 694 milyon ABŞ dolları həcmində töhfə gözlənilir və təxminən
1 600 nəfərin birbaşa və dolayı şəkildə işlə təmin olunması
planlaşdırılır.
Daşkəsən dəmir filizi layihəsinin sadalanan dəyər zənciri üzrə
bütün mərhələlərinin kompleks şəkildə icrası regiona daha böyük
sosial-iqtisadi dividendlər qazandıracaq, həm birbaşa, həm də
dolayı təsirlər nəticəsində təxminən 4 000 iş yerinin yaradılmasına
imkan verəcək. Mərhələli şəkildə həyata keçiriləcək proses
genişmiqyaslı sənaye sinerjisi yaradacaq, yerli və regional
bazarlar üçün rəqabətqabiliyyətli məhsul istehsalı təmin edilməsi
ilə əməliyyatlara başlanıldıqdan sonrakı dövr üzrə ÜDM-yə təqribən
13 milyard ABŞ dolları həcmində töhfə verəcək.

