
Bakı. Trend:
Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited”
şirkəti ilə yüksək faydalı komponent tərkibli qaynar preslənmiş
dəmir (QPD) istehsalı üzrə birgə müəssisə yaradılması layihəsinin
həyata keçirilməsi Azərbaycana yüksək keyfiyyətli metallurgiya
məhsulları istehsalçısı səviyyəsinə qalxmaq imkanı verəcək.
Trend xəbər verir
ki, bunu “Fonte GreenMet Investments Fund OEIC Limited” İnvestisiya
Fondunun baş icraçı direktoru Ercan Musin mətbuat konfransında
bildirib.
“Bu əməkdaşlıq yalnız iqtisadi və maliyyə sahəsində deyil, həm
də elmi-texniki biliklərin mübadiləsi, müasir texnologiyaların
tətbiqi və innovativ istehsalın təşkili baxımından geniş
perspektivlər açır. Layihənin həyata keçirilməsi Azərbaycana yüksək
keyfiyyətli metallurgiya məhsulları istehsalçısı olmağa imkan
verəcək ki, bu da öz növbəsində bütün Qafqaz və Orta Asiya
regionunun sənaye xəritəsində yeni bir səhifə açacaq”, – deyə o
bildirib.
Musin vurğulayıb ki, Azərbaycanın dayanıqlı iqtisadi islahatlara
sadiqliyi, sabit investisiya mühiti, geostrateji mövqeyi və zəngin
resurs potensialı xarici investorlarla uzunmüddətli və qarşılıqlı
faydalı əməkdaşlıq üçün son dərəcə cəlbedici imkanlar yaradır.
“Biz bu əməkdaşlığı yalnız bir layihə çərçivəsində deyil, həm də
strateji tərəfdaşlıq platforması kimi nəzərdən keçiririk və
gələcəkdə digər sahələrdə birgə investisiyalara olan marağımızı
xüsusi qeyd etmək istərdik,”- deyə şirkət rəhbəri əlavə edib.