
Bakı. Trend:
I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanmış
sazişlərin ümumi dəyəri açıqlanıb.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.
Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin himayəsi altında Bakıda keçirilən Birinci Azərbaycan
Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın xarici sərmayə üçün açıq
və dayanıqlı iqtisadi mühitini, ölkənin strateji layihələr və
uzunmüddətli əməkdaşlıqlar üçün etibarlı tərəfdaş olduğunu bir daha
nümayiş etdirdi.
O vurğulayıb ki, forum çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ
dollarından çox olan investisiya layihələrinə dair sənədlər
imzalandı: “Bunlardan ölkəmizdə xarici investisiyaların cəlbi ilə
qeyri-neft sektoru üzrə həyata keçirilməsi nəzərdə tutulan
layihələrin dəyəri 7 milyard ABŞ dollarından çoxdur. Böyük miqyaslı
sərmayələr iqtisadiyyatın diversifikasiyasına, innovasiya və
texnologiya transferinin sürətləndirilməsinə, rifahın
yüksəldilməsinə yeni imkanlar açır.
Ölkəmizin iqtisadi potensialının reallaşdırılmasına töhfə verən
Forumun keçirilməsinə göstərdiyi böyük dəstəyə görə cənab Prezident
İlham Əliyevə, eləcə də tədbirin təşkilatçılarına, dövlət
rəsmilərinə, tərəfdaşlarımıza və bütün iştirakçılara dərin
təşəkkürümüzü bildiririk”.