Sahibə Qafarova Laosun Baş prokuroru ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 23-də Milli Məclisin sədri Sahibə Qafarova
“Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu”
mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmək
üçün ölkəmizdə səfərdə olan Laos Xalq Demokratik Respublikası Ali
Xalq Prokurorluğunun Baş prokuroru Saysana Xotfouthonun başçılıq
etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Vurğulanıb ki, Bakıda keçirilən beynəlxalq konfransın
əhəmiyyətini qeyd edən Milli Məclisin sədri bu tədbirin prokurorluq
fəaliyyəti ilə bağlı qabaqcıl təcrübələrin mübadiləsinə və ümumi
çağırışların müəyyən edilməsinə töhfə verəcəyinə inamını ifadə
edib.

Bildirilib ki, Azərbaycan və Laos arasında müxtəlif sahələrdə
əlaqələr uğurla inkişaf edir. Qeyd olunub ki, ölkələrimiz
beynəlxalq təşkilatlarda, xüsusən də BMT və Qoşulmama Hərəkatı
çərçivəsində fəal əməkdaşlıq edirlər və bir-birilərini
dəstəkləyirlər.

Qeyd olunub ki, ölkələrimizin siyasi partiyaları – Yeni
Azərbaycan Partiyası və Laos Xalq İnqilab Partiyası Asiya Siyasi
Partiyaları Beynəlxalq Konfransı çərçivəsində yaxından əməkdaşlıq
edirlər.

Görüşdə parlamentlər arasında münasibətlərə dair fikir
mübadiləsi aparılıb və qanunvericilik orqanları arasında
əməkdaşlığın ölkələr arasında əlaqələrin inkişafında müsbət rolu
qeyd olunub. O cümlədən, beynəlxalq parlament təşkilatlarında
əməkdaşlıq məsələləri vurğulanıb. Bildirilib ki, parlamentlərimiz
Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi
kimi mühüm platformalarda əməkdaşlıq edirlər.

Görüş üçün təşəkkürünü bildirən Laos Xalq Demokratik
Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Saysana
Xotfouthon Bakıda prokurorluq orqanları üçün beynəlxalq konfransın
yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü
ifadə edib. Konfransın əhəmiyyətindən danışan qonaq onun dost
ölkələrin prokurorluq orqanları arasında qarşılıqlı əməkdaşlığın
güclənməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Söhbət zamanı qonaq Azərbaycanda Konstitusiyanın qəbulunun 30
illiyi münasibətilə təbriklərini çatdırıb, iki ölkənin
parlamentlərarası, iqtisadiyyat, logistika və digər sahələrdə
əlaqələrinin daha da inkişaf etdirilməsi barədə fikirlərini
bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir
mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir