Xarici ölkələrdə Azərbaycan məktəblərinin açılması nələr vəd edir?

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, İstanbulda Azərbaycan
məktəbi açılacaq. Bu imkan iki qardaş ölkə arasında təhsil
əməkdaşlığının daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət
daşıyır.

Maraqlıdır, xarici ölkələrdə Azərbaycan
məktəblərinin açılması nələr vəd edir?

Bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə
Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran
Əsədov
Trend-ə bildirib ki, xaricdə Azərbaycan məktəblərinin
açılması həm milli kimliyin qorunması, həm də dövlətin beynəlxalq
nüfuzunun möhkəmləndirilməsi baxımından əhəmiyyətli strateji
addımdır.

Onun sözlərinə görə, təhlil göstərir ki, diaspor uşaqlarının ana
dilində və milli kurikuluma uyğun təhsil alması onların
assimilyasiyadan qorunmasına, Azərbaycanla bağlarının güclənməsinə
şərait yaradır:

““Təhsil haqqında” Qanunun 13-cü maddəsində dövlətin xaricdə
yaşayan azərbaycanlıların təhsilinə dəstək verməsi xüsusi olaraq
qeyd edilir və bu, hüquqi baxımdan layihənin legitimliyini təmin
edir. Statistikaya əsasən, hazırda Azərbaycan diasporu 50-dən çox
ölkədə fəaliyyət göstərir, təkcə Türkiyədə yüz minlərlə soydaşımız
yaşayır və onların övladlarının Azərbaycan məktəbinə ehtiyacı
getdikcə artır. Müsbət tərəflər ondan ibarətdir ki, belə məktəblər
yalnız diaspor üçün deyil, həm də yerli ailələr üçün cəlbedici ola
bilər. Əgər kurikulum həm Azərbaycan, həm də ev sahibi ölkənin
təhsil standartlarına uyğunlaşdırılarsa, məktəb beynəlxalq
proqramların da icrası ilə keyfiyyətli təhsil mərkəzinə çevrilə
bilər. Bu zaman məzunlar həm Azərbaycanda, həm də həmin ölkədə ali
təhsilini davam etdirmək imkanı əldə edəcəklər. Dünyada geniş
təcrübə mövcuddur: Fransanın AEFE şəbəkəsi hazırda 139 ölkədə
fəaliyyət göstərir və 392 mindən çox şagird təhsil alır, onların 60
faizi fransız mənşəli deyil. Türkiyənin Maarif məktəbləri də artıq
55 ölkədə on minlərlə şagirdi əhatə edir. Bu modellər göstərir ki,
xaricdə məktəb açmaq həm mədəniyyətin ixracı, həm də dövlətin
yumşaq gücünün gücləndirilməsi üçün təsirli alətdir. Azərbaycan da
İstanbulda açacağı məktəblə regionda bu istiqamətdə yeni bir
mərhələni başlada bilər”.

Kamran Əsədov qeyd edib ki, mənfi tərəflərə gəlincə, burada bir
sıra çətinliklər nəzərə alınmalıdır:

“Ən önəmli məsələ kurikulumun və diplomların tanınmasıdır.
Türkiyədə təhsil müəssisələrinin fəaliyyəti 5580 saylı “Özel
Öğretim Kurumları Kanunu” ilə tənzimlənir və buradakı Azərbaycan
məktəbi də həmin qanuna tam uyğun olmalıdır. Əks halda, diplomların
tanınmasında və şagirdlərin ali məktəblərə qəbulunda problemlər
yarana bilər. Bundan başqa, müəllimlərin ikili
sertifikatlaşdırılması, yəni həm Azərbaycan, həm də Türkiyə
standartlarına uyğun olaraq işləyə bilməsi vacibdir. Bu sahədə də
Elm və Təhsil Nazirliyinin rolu böyükdür, çünki o, həm tədrisin
keyfiyyətinə, həm də beynəlxalq uyğunluğa cavabdeh olacaq.
Nazirliyin son illərdə həyata keçirdiyi rəqəmsallaşma,
sertifikasiya və beynəlxalq layihələrlə bağlı təcrübəsi bu
məktəblərin uğurlu olacağına əminlik yaradır”.




“Müqayisə edildikdə aydın görünür ki, bu layihə yalnız təhsil
məsələsi deyil, həm də siyasi və mədəni diplomatiya alətidir. Əgər
Fransanın və Almaniyanın məktəbləri öz dillərini, ədəbiyyatını və
dəyərlərini dünyaya tanıdırlarsa, Azərbaycan məktəbləri də
tariximizi, mədəniyyətimizi və dilimizi beynəlxalq səviyyədə təbliğ
edə biləcək. Bu isə gələcəkdə iqtisadi, mədəni və siyasi
əməkdaşlıqlar üçün yeni körpülər yaradacaq. Hesab edirəm ki,
İstanbulda Azərbaycan məktəbinin açılması Elm və Təhsil
Nazirliyinin müsbət təşəbbüsüdür və təhsil sahəsində atılan
strateji addım kimi qiymətləndirilməlidir. Bu məktəblər milli
kimliyin qorunması, diasporun möhkəmlənməsi və Azərbaycanın
beynəlxalq təhsil məkanında mövqeyinin güclənməsi deməkdir. Düzgün
hüquqi planlama, müəllimlərin hazırlanması, maliyyələşmənin şəffaf
təşkili və kurikulumun uyğunlaşdırılması ilə bu təşəbbüs
Azərbaycanın beynəlxalq təhsil brendinə çevrilə bilər. Nazirliyin
bu prosesə rəhbərliyi və koordinasiya rolu xüsusi olaraq təqdir
olunmalıdır, çünki bu layihə uzunmüddətli strateji perspektivdə
dövlətin həm təhsil siyasətini, həm də beynəlxalq nüfuzunu
gücləndirəcək”,- deyə K.Əsədov əlavə vurğulayıb.

Məsələ ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA)
sədri, təhsil eksperti Əmrah Həsənli Trend-ə bildirib
ki, xarici ölkələrdə Azərbaycan məktəblərinin açılması həm
strateji, həm də mədəni baxımdan böyük əhəmiyyət daşıyır.

“İlk növbədə, bu addım xaricdə yaşayan soydaşlarımızın milli
kimliyinin qorunmasına, onların övladlarının ana dilində
keyfiyyətli təhsil almasına və Azərbaycan dəyərləri ilə böyüməsinə
şərait yaradır. Bilirik ki, miqrasiya prosesləri nəticəsində on
minlərlə azərbaycanlı ailə müxtəlif ölkələrdə məskunlaşıb.
Valideynlərin ən böyük narahatlıqlarından biri də övladlarının həm
müasir biliklərlə, həm də milli ruhla yetişməsidir. Azərbaycan
məktəbləri bu ehtiyaca cavab verir, uşaqların doğma dilini,
tarixini, ədəbiyyatını unutmasına imkan vermir. Bununla yanaşı, bu
məktəblər sadəcə təhsil ocağı deyil, eyni zamanda mədəniyyət
mərkəzi funksiyasını daşıyır. Belə ki, həmin ölkələrdə Azərbaycan
mədəniyyətinin, ədəbiyyatının, musiqisinin və tarixinin təbliğinə
xidmət edir. Bu isə öz növbəsində ölkəmizin dünyadakı humanitar
mövqeyini gücləndirir, beynəlxalq mədəni diplomatiyamıza əlavə
dəyər qatır. Xarici ölkələrin ictimaiyyəti üçün belə məktəblər
Azərbaycanı yaxından tanımaq, ölkəmiz haqqında doğru informasiya
əldə etmək baxımından önəmli platformadır”,- deyə Ə.Həsənli əlavə
edib.

Təhsil ekspertinin sözlərinə görə, digər mühüm məqam isə
pedaqoji əməkdaşlıqla bağlıdır.

“Azərbaycan məktəbləri xaricdə fəaliyyət göstərərkən, həm yerli
təhsil sisteminin təcrübəsini öyrənmək, həm də öz təhsil modelimizi
təqdim etmək imkanı yaradır. Bu, müəllimlərimizin beynəlxalq
pedaqoji mühitdə təmsil olunmasına, bilik və metodikaların
mübadiləsinə şərait yaradır. Uzunmüddətli perspektivdə bu cür
əməkdaşlıqlar ölkə daxilində təhsilin inkişafına da müsbət təsir
göstərəcək.

Əlavə olaraq, bu məktəblərin açılması gələcəkdə Azərbaycan və
həmin ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsi üçün
mühüm baza formalaşdırır. Çünki burada təkcə azərbaycanlı uşaqlar
deyil, yerli vətəndaşların övladları da təhsil ala biləcək. Bu isə
Azərbaycanın beynəlxalq nüfuzuna, pozitiv imicinə mühüm töhfə
deməkdir. Ümumilikdə desək, xaricdə Azərbaycan məktəblərinin
yaradılması təkcə bir təhsil layihəsi deyil, milli kimlik, mədəni
diplomatiya, beynəlxalq əməkdaşlıq və strateji inkişaf baxımından
çoxşaxəli əhəmiyyət daşıyan tarixi bir addımdır”,- deyə o
fikirlərini tamamlayıb.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev İstanbulda
Azərbaycan məktəbinin açılacağı ilə bağlı danışarkən deyib ki,
Azərbaycan-Türkiyə təhsil əlaqələrinin genişlənməsi çərçivəsində
İstanbulda fəaliyyət göstərəcək Azərbaycan məktəbi həm orada
yaşayan soydaşlarımızın uşaqlarının ana dilində və milli ruhda
təhsil almasına, həm də iki ölkə arasında təhsil əməkdaşlığının
daha da güclənməsinə xidmət edəcək.