Nəsimi festivalı çərçivəsində “Zamansız və məkansız” sərgisi təqdim edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalının
izləyicilərinə hazırladığı maraqlı təqdimatlardan biri də “Zamansız
və məkansız” sərgisidir.

Trend xəbər
verir ki, Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türkiyə Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilən sərgi
Bakıdakı Azərbaycan Milli Xalça Muzeyində təqdim edilir.

Ekspozisiyada Nəsimi poeziyası və onun dini-fəlsəfi ideyaları,
həmçinin sufi ənənələri müxtəlif incəsənət növlərinin ahəngi
vasitəsilə tərənnüm edilir. Bu məqsədlə nümayiş üçün Azərbaycan və
Türkiyənin aparıcı muzeylərindən nadir sənət inciləri seçilib.
Sərgi izləyicilərə Milli Azərbaycan Tarixi Muzeyinin
kolleksiyalarında və Azərbaycan Milli Xalça Muzeyinin fondlarında
saxlanılan unikal incəsənət nümunələri ilə, eləcə də Ankaradakı
Etnografiya Muzeyi, İstanbul Türbələr Muzeyindən, Konyadakı Mövlanə
Muzeyindən gətirilən eksponatlarla tanışlıq imkanı yaradır.

Burada XVII-XX əsrlərə aid rəsm əsərləri, geyim nümunələri,
xalçalar, musiqi alətləri, əlyazma kitablar və digər qiymətli
eksponatlar sərgilənir. Həmin sənət incilərinin hər biri sufi
dünyagörüşünün izlərini özündə yaşadaraq sufiliyin və hürufiliyin
əsasını təşkil edən sonsuz eşqi, insanın ibadətlə Allaha mənəvi
yaxınlaşması və ruhi yüksəliş məqamlarını izah edir.




Sərgi Azərbaycan və Türkiyə arasında tarixi və mənəvi bağları
vurğulayan, eyni zamanda İmadəddin Nəsiminin poeziyası və
fəlsəfəsinin müasir dövrdəki əhəmiyyətini göstərən mühüm mədəni
hadisədir.

Ziyarətçilər ekspozisiyanı bir ay ərzində – oktyabrın 23-dək
izləyə biləcəklər.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı,
ICESCO-nun tərəfdaşlığı ilə baş tutan Nəsimi Festivalı sentyabrın
25-dək davam edəcək. Bakı və Şamaxı şəhərlərini əhatə edən festival
Azərbaycan incəsənətinin təbliği baxımından mühüm beynəlxalq tədbir
sayılır. Festival? həmçinin müasir incəsənət nümayəndələrinin
Nəsiminin dərin irsi ilə əlaqə qurması, ənənəvi və müasir bədii
təcrübələr arasında körpü yaratması üçün bir platforma rolunu
oynayır.