Bakı. Trend:
Prezident İlham Əliyevin dünyanın aparıcı maliyyə qurumlarının
rəhbərləri ilə görüşləri Azərbaycanın beynəlxalq maliyyə məkanında
artan nüfuzunun bariz göstəricisidir. “Brookfield Asset
Management”in baş icraçı direktoru Brüs Flətt, “Neuberger Berman”ın
sədri və baş icraçı direktoru Corc Volker, həmçinin “Blackstone”
şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qreylə baş
tutan müzakirələr qlobal maliyyə liderlərinin ölkəmizə diqqətinin
artdığını nümayiş etdirir.
Xüsusilə qeyd edilməlidir ki, hər üç şirkət dünyanın ən iri
alternativ investisiya idarəedici qurumlarındandır və trilyonlarla
dollarlıq aktivləri idarə edir. Onların Azərbaycan Prezidentinə
müraciət edərək görüşlər keçirməsi ölkəmizin iqtisadi mühitinə,
investisiya imkanlarına və regiondakı strateji roluna olan marağın
artması ilə bağlıdır.
Görüşlər zamanı Azərbaycanın həyata keçirdiyi islahatlar,
əlverişli biznes mühiti və iqtisadi inkişaf perspektivləri diqqət
mərkəzində olub. Bu, həm də Azərbaycanın təkcə enerji sahəsində
deyil, qeyri-neft sektorunda da xarici sərmayədarlar üçün cəlbedici
tərəfdaş olduğunu təsdiqləyir.
Nüfuzlu maliyyə nəhənglərinin Azərbaycana diqqət göstərməsi
ölkəmizin qlobal investisiya xəritəsində mövqeyini
möhkəmləndirməklə yanaşı, gələcəkdə yeni tərəfdaşlıq imkanlarının
yaranmasına da zəmin yaradır.
Bu baxımdan 1985-ci ildən fəaliyyət göstərən “Blackstone”
şirkəti xüsusi əhəmiyyət daşıyır. Hazırda 1,2 trilyon ABŞ dolları
həcmində aktivləri idarə edən “Blackstone” yalnız alternativ
investisiyalar sahəsində deyil, ümumilikdə beynəlxalq maliyyə
bazarlarında lider mövqeyə malikdir. Onun idarə etdiyi aktivlərin
dəyəri dünyanın ÜDM-in 1 faizindən çoxuna bərabərdir ki, bu da bir
çox ölkələrin ümumi iqtisadi potensialını üstələyir.
Şirkət daşınmaz əmlak sahəsində qlobal miqyasda rekord
göstəricilərə nail olub. Təkcə 2023-cü ildə “Blackstone Real Estate
Partners X” fondu 30,4 milyard ABŞ dolları vəsait cəlb edərək
tarixdə ən böyük özəl daşınmaz əmlak fondu kimi qeydə alınıb.
Bundan əvvəl isə şirkət 2007-ci ildə 26 milyard dollara “Hilton”
otellər şəbəkəsini alaraq hotel sənayesində ən iri əməliyyatlardan
birini həyata keçirib. Bu faktlar Azərbaycanın əməkdaşlıq etdiyi
tərəfdaşın gücünü və etibarlılığını açıq şəkildə nümayiş
etdirir.
“Blackstone”un investisiya portfeli həm də logistika və rəqəmsal
infrastruktur kimi sahələri əhatə edir. Şirkətin idarə etdiyi “Link
Logistics” platforması 46 milyon kvadratmetrdən çox anbar sahəsinə
sahibdir ki, bu, bütöv bir ölkənin logistika potensialına
bərabərdir. Digər tərəfdən, “Mileway” şirkəti üzərindən Avropanın
ən böyük şəhərdaxili logistika əməliyyatı 21 milyard avro dəyərində
həyata keçirilib. Bu miqyaslı layihələr Azərbaycanın da iştirak
etdiyi qlobal iqtisadi şəbəkələrin hansı güclü oyunçularla
qurulduğunu təsdiqləyir.
Rəqəmsallaşma dövründə “Blackstone”un texnologiya və data
mərkəzləri sahəsində rolu xüsusi önəmlidir. Şirkətə məxsus “QTS
Data Centers” platforması 2 qiqavatt elektrik tutumuna malikdir ki,
bu da böyük şəhərlərin enerji istehlakı ilə müqayisə oluna biləcək
göstəricidir. Bu, Azərbaycanın da inkişaf strategiyasında önəmli
yer tutan süni intellekt, bulud texnologiyaları və rəqəmsal
xidmətlər sahəsinə sərmayələrin hansı güclü bazalara söykəndiyini
göstərir.
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) 2015-ci
ildən etibarən “Blackstone” ilə strateji tərəfdaşlıq quraraq bu
güclü şəbəkənin bir hissəsinə çevrilib. Fondda yerləşdirilən 1
milyard dollardan artıq investisiya Şimali Amerika, Avropa və Asiya
bazarlarını əhatə edir. Bu əməkdaşlıq Azərbaycanın yalnız gəlir
əldə etməsini deyil, həm də logistika, rəqəmsal infrastruktur,
yaşıl enerji və səhiyyə kimi gələcəyin sahələrinə birbaşa çıxışını
təmin edir.
Azərbaycanın qlobal maliyyə bazarındakı etibarlı
tərəfdaşlarından biri də “Brookfield Asset Management” şirkətidir.
1899-cu ildə yaradılmış bu nəhəng investisiya meneceri hazırda 1
trilyon ABŞ dolları həcmində aktivləri idarə edir və dünyanın ən
böyük alternativ investisiya qurumlarından hesab olunur. Şirkətin
fəaliyyət coğrafiyası 30-dan çox ölkəni əhatə edir və portfelində 2
500-dən artıq müxtəlif aktiv var. Bu miqyaslı şəbəkə Azərbaycanın
da beynəlxalq iqtisadi əməkdaşlıqlarında xüsusi rol oynayır.
“Brookfield”in 125 illik investisiya təcrübəsi və geniş portfeli
onun etibarlılığını artıran əsas amillərdəndir. Şirkətin ABŞ,
Avropa, Asiya-Sakit Okean, Kanada və Cənubi Amerikada yüz
milyardlarla dollar dəyərində aktivləri var. Sektorlar üzrə isə
daşınmaz əmlak, infrastruktur, özəl səhm, kredit və bərpa olunan
enerji sahələrinə yönələn yüz milyardlarla dollarlıq yatırımlar
mövcuddur. Bu diversifikasiya Azərbaycanın əməkdaşlıq etdiyi
tərəfdaşın həm maliyyə dayanıqlığını, həm də geniş təsir gücünü
göstərir.
Bərpa olunan enerji sahəsində “Brookfield” dünya liderlərindən
biridir. Şirkət 43 qiqavat hazır enerji gücünə və 227 qiqavat
həcmində layihə boru xəttinə sahibdir ki, bu, Hindistan kimi nəhəng
bir ölkənin enerji istehsalını üstələyir. “Microsoft” və “Google”
ilə imzalanmış müqavilələr isə “Brookfield”in yalnız sərmayəçi
deyil, həm də texnologiya nəhənglərinin enerji təminatçısı olduğunu
sübut edir. Bundan başqa, “Westinghouse Electric Company” üzərində
nəzarəti sayəsində şirkət nüvə texnologiyalarında da aparıcı
oyunçudur. Azərbaycanın “yaşıl enerji” hədəfləri fonunda belə bir
tərəfdaşla əməkdaşlıq strateji əhəmiyyət daşıyır.
Şirkətin infrastruktur və rəqəmsal iqtisadiyyata yatırımları da
diqqətəlayiqdir. “Brookfield”in 312 min telekom qülləsi, on
minlərlə kilometr fiber optik şəbəkəsi və yüzdən çox data mərkəzi
var. Daşınmaz əmlak üzrə isə 36 milyon kvadratmetrlik sahə idarə
olunur. Bu resurslar qlobal rəqəmsal inkişafın əsas dayaqlarını
formalaşdırır və Azərbaycanın telekom, logistika və rəqəmsal
transformasiya hədəfləri ilə uzlaşır.
ARDNF 2019-cu ildən “Brookfield” ilə strateji tərəfdaşlıq
quraraq 660 milyon ABŞ dollarından çox sərmayə yatırıb. Bu
əməkdaşlıq sayəsində fond təkcə infrastruktur və daşınmaz əmlak
sahəsində deyil, həm də təhsil sektorunda – məsələn, BƏƏ-də
fəaliyyət göstərən “GEMS Education” şəbəkəsində – mühüm iştirakçıya
çevrilib. Gələcəkdə bu tərəfdaşlıq Azərbaycanın yaşıl enerji,
rəqəmsal iqtisadiyyat, logistika və təhsil sahələrində yeni
layihələr həyata keçirməsinə zəmin yaradır.
Azərbaycanın qlobal investisiya mühitində etibarlı
tərəfdaşlarından biri də “Neuberger Berman” şirkətidir. 1939-cu
ildən fəaliyyət göstərən bu aparıcı qlobal investisiya meneceri
hazırda 538 milyard ABŞ dolları aktiv idarə edir ki, bunun 140
milyard dolları alternativ investisiyalara yönəldilib. Şirkətin 26
ölkədə ofisləri var və səhmlər, istiqrazlar, hedc fondları,
daşınmaz əmlak, infrastruktur və özəl səhm kimi müxtəlif aktivlər
üzrə investisiyalar həyata keçirir. Bu miqyaslı portfel
Azərbaycanın strateji investisiya təşəbbüsləri üçün mühüm resurs
yaradır.
“Neuberger Berman”in qlobal investisiya fəaliyyəti arasında
təhsil sektorunda uğurlu layihələr də yer alır. Məsələn, şirkət
“Nord Anglia Education” konsorsiumuna rəhbərlik edərək dünyanın 30
ölkəsində yerləşən 80-100 məktəbdən ibarət qlobal K-12 şəbəkəsində
paya sahibdir. Bu layihə Azərbaycanın təhsil sahəsində beynəlxalq
əməkdaşlıqlar üçün nümunəvi model təqdim edir.
Sənaye və texnologiya sektorlarında da “Neuberger Berman”in
əhəmiyyətli mövqeyi var. Şirkətin investisiya etdiyi “Solenis”
qlobal sənaye kimyəvi məhsulları istehsalçısıdır və 70 müəssisəsi
ilə altı qitədə 160 ölkədə fəaliyyət göstərir. Bu cür güclü şəbəkə
Azərbaycanın sənaye və ekoloji texnologiyalara yönəlmiş
təşəbbüslərində strateji tərəfdaşlıq imkanlarını genişləndirir.
ARDNF 2016-cı ildən “Neuberger Berman” ilə strateji əməkdaşlıq
qurub. Xüsusi idarəetmə mandatı çərçivəsində fond 600 milyon ABŞ
dollarına yaxın investisiya qoyub. Şirkət əsasən informasiya
texnologiyaları, istehlak/elektron ticarət, sənaye texnologiyaları
və səhiyyə sahələrinə sərmayə yönəldir ki, bu da portfelin müxtəlif
makroiqtisadi şərtlərə dayanıqlılığını təmin edir.
“Neuberger Berman” ilə əməkdaşlıq Azərbaycanın təhsil, səhiyyə,
texnologiya və sənaye sahələrində strateji inkişafını dəstəkləyir.
Fondun bu tərəfdaşlıq sayəsində əldə etdiyi imkanlar həm
investisiya gəlirləri, həm də uzunmüddətli strateji üstünlüklər
baxımından ölkənin iqtisadi və sosial inkişafına mühüm töhfə
verir.
Bir daha qeyd edilməlidir ki, görüşlərin qarşı tərəfin təşəbbüsü
ilə baş tutması Azərbaycanın iqtisadiyyatının etibarlı və cəlbedici
tərəfdaş kimi qiymətləndirildiyini nümayiş etdirir. Bu fakt eyni
zamanda Azərbaycanın strateji mövqeyinin güclü olduğunu və qlobal
investorların diqqətini cəlb etdiyini təsdiqləyir.
Hər üç şirkətin qlobal miqyasda həyata keçirdiyi layihələr
Azərbaycanın investisiya siyasətinə uyğun sahələri əhatə edir və
ölkəmizə yeni əməkdaşlıq imkanları təqdim edir. ARDNF-in bu
şirkətlərlə strateji tərəfdaşlığı isə yalnız investisiya gəlirləri
ilə məhdudlaşmır, həm də Azərbaycanın yaşıl enerji, rəqəmsal
infrastruktur, təhsil və səhiyyə sahələrində inkişafını
dəstəkləyir.
Beləliklə, bu görüşlər və mövcud əməkdaşlıqlar Azərbaycanın
qlobal iqtisadi arena və investisiya şəbəkələrindəki mövqeyini daha
da gücləndirir. Qlobal maliyyə nəhəngləri ilə qurulan
tərəfdaşlıqlar ölkəmizin uzunmüddətli strateji məqsədlərinə xidmət
edir və ölkənin müxtəlif sektorlarında dayanıqlı inkişafın təmin
olunmasına zəmin yaradır. Bu isə Azərbaycanın həm regional, həm də
beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artıran mühüm faktor
kimi çıxış edir.