
Bakı. Trend:
Qadın və kişi voleybolçular arasında Yüksək Liqaların
2025–2026-cı illər mövsümünün püşkü atılıb.
Trend xəbər
verir ki, Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkil
olunan tədbirdə federasiyanın və klubların nümayəndələri iştirak
ediblər.
Yeni mövsümdə qadınların Yüksək Liqasında 9 komanda –
“Azərreyl”, “Abşeron”, “Murov Az Terminal”, “Gəncə”, “Milli
Aviasiya Akademiyası”, UNEC, eləcə də debütant “DH Volley”, “Turan”
və “Gənclər” klubları mübarizə aparacaqlar.
Yarışlar liqa mərhələsindən (ilkin mərhələ) və pley-offdan
ibarət olacaq. Liqa mərhələsi dairəvi sistem üzrə ev-səfər prinsipi
ilə bir dövrədə keçiriləcək. Nəticələrə əsasən, ən yaxşı 8 komanda
pley-offa yüksələcək.
Kişilərin çempionatında isə 6 kollektiv – “Azərreyl”, “Murov Az
Terminal”, “Xilasedici”, “Neftçi”, ORDU və “Gənclər” çıxış
edəcək.
Oyunlar dairəvi sistem üzrə ev-səfər prinsipi ilə iki dövrədə
təşkil olunacaq.
İki dövrənin yekununda ilk 4 pillədə qərarlaşacaq komandalar
pley-offda iştirak hüququ qazanacaqlar.