Nəsimi festivalında “İblis” yeni təqdimatda nümayiş olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalının ilk günü
Heydər Əliyev Mərkəzində Hüseyn Cavidin “İblis” əsərinin simfonik
orkestr musiqiçilərinin və Azərbaycan Dövlət Pantomim Teatrının
iştirakı ilə yeni təqdimatı olub.

Trend xəbər verir ki, əsərin
yeni təqdimatının özəlliyi canlı orkestrin müşayiəti və orkestr
musiqiçilərinin tamaşa müddətində həm də iştirakçıya
çevrilməsidir.

Əsərdə həm bəşəri, həm də əbədi problem olan insanlıq və iblis
arasında bitməyən mübarizə əks olunub.

Səhnə əsərinin baş rejissoru, Azərbaycan Dövlət Pantomim
Teatrının yaradıcısı və bədii rəhbəri, Xalq artisti Bəxtiyar
Xanızadə AZƏRTAC-a açıqlamasında öz təəssüratlarını bölüşüb.
Rejissor diqqətə çatdırıb ki, məşq prosesi 2 ay ərzində davam edib
və sonuncu məşq zamanı kollektivdən gözlədiyi nəticəni alıb.




Tamaşada baş rolun ifaçısı və dirijor, Prezident mükafatçısı,
bir sıra beynəlxalq müsabiqələrin laureatı Mustafa Mehmandarovun
sözlərinə görə, ilk dəfə simfonik orkestrin musiqiçiləri tamaşada
onun idarəçiliyi ilə Pantomim Teatrının aktyorlarının arasına
qarışaraq plastik düşüncələrin iştirakçısına çevriliblər.

“İblis” səhnələşdirilən ilk Azərbaycan poetik dramıdır. Faciə
ilk dəfə 1920-ci ildə Sovet Azərbaycanının opera, teatr və səssiz
kino aktyoru, kinorejissor Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyə
qoyulub. Bu, Azərbaycanın teatr həyatı üçün böyük hadisə olub. Əsər
ikinci dəfə 1983-cü ildə Hüseyn Cavidin 100 illik yubileyi
münasibətilə SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi
Məmmədov tərəfindən səhnələşdirilib. 2024-cü ildə Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının səhnəsində Əməkdar incəsənət xadimi
Mehriban Ələkbərzadənin quruluşunda “İblis”ə üçüncü dəfə səhnə
həyatı verilib. Nəsimi festivalı üçün isə tamaşanın yeni təqdimatı
hazırlanıb.

Sentyabrın 25-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin
təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə Bakı və Şamaxıda
keçiriləcək Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalı digər
özəl təqdimatlarla da yadda qalacaq.