
Bakı. Trend:
Azərbaycan Səudiyyə Ərəbistanı ilə münasibətlərə xüsusi önəm
verir. Ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən səmərəli
əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq
inkişaf etməkdədir.
Trend xəbər verir ki, bunu
Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanı Krallığının
95-ci Milli Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı
deyib.
“Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin və Səudiyyə
Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və krallığın
vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun səyləri
nəticəsində əlaqələrimiz həm ikitərəfli qaydada, həm beynəlxalq
təşkilatlar çərçivəsində uğurla davam etməkdədir. Həmin çərçivədə
Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətlərinin yaratdığı iqtisadi
əməkdaşlıq üzrə müştərək komissiya ölkələrimiz arasında siyasi,
ticarət, investisiya, enerji, kənd təsərrüfatı, turizm və digər
sahələrdə əməkdaşlığın dərinləşməsində müstəsna rol oynamaqdadır.
Birgə iqtisadi komissiyasının iclasları və siyasi məsləhətləşmələr
ikitərəfli münasibətləri nəzərdən keçirmək və inkişaf etdirmək üçün
olduqca effektiv mexanizmlərdir. Bu xüsusda bu il aprelin 28-də
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində
keçirilmiş müştərək komissiyanın 8-ci iclasının uğurlu təşkilinə və
Azərbaycan Respublikasının Hökumət nümayəndə heyətinə göstərilən
yüksək qonaqpərvərliyə görə Səudiyyə Ərəbistanı hökumətinə bir daha
dərin təşəkkürümü bildirirəm.
Ümid edirik ki, komissiyasının iclasının yekunlarına dair
imzalanmış protokol, eləcə də ikitərəfli əməkdaşlıq sənədləri
münasibətlərin inkişafına öz töhfəsini verəcək. Dünən Bakıda işə
başlamış Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda
Səudiyyə Ərəbistanından böyük nümayəndə heyətinin iştirak etməsi
ikitərəfli əməkdaşlığın inkişafında hər iki dövlətin maraqlı
olduqlarının daha bir nümunəsidir.
Səudiyyə Ərəbistanı Krallığının 95 illiyi münasibətilə qardaş
ölkə xalqına daim əmin-amanlıq, tərəqqi və firavanlıq arzulayıram.
Ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq və faydalı
əməkdaşlığın gələcəkdə daha da güclənəcəyinə əminliyimi
bildirirəm”, – deyə S.Şərifov bildirib.