
Bakı. Trend:
Sentyabrın 23-də IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-York şəhərində Müasir İncəsənət
Muzeyində (Museum of Modern Art-MoMA) olublar.
Trend xəbər verir ki, Leyla
Əliyeva və Arzu Əliyevaya muzey haqqında məlumat verildi.
Bildirildi ki, burada 1929-cu ildən bəri dünyanın ən dəyərli
incəsənət əsərləri qorunaraq nümayiş etdirilir. Rokfeller ailəsinin
dəstəyi ilə yaradılan muzey bu gün dünyanın ən mötəbər sənət
məkanlarından biridir. Yalnız rəsm deyil, foto, heykəltaraşlıq,
memarlıq layihələri, film, hətta elektron media əsərləri də muzeyin
kolleksiyasında yer alır. Burada Pablo Pikasso, Vinsent Van Qoq,
Endi Vorhol və Henri Matissa kimi sənətkarların dünyada məşhur
əsərlərinə rast gəlmək olar. Muzeyin kitabxana və arxiv bölməsi isə
tədqiqatçılar üçün əvəzsiz mənbədir. Minlərlə kitab, fayl və sənəd
kolleksiyası buranı həm də elmi mərkəzə çevirib.