
Bakı. Trend:
Orta Dəhliz çox geniş coğrafiyanı birləşdirən strateji
layihədir. Bu dəhliz Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə
bağlayan etibarlı və təhlükəsiz marşrut, yüklərin Asiyadan Avropaya
və əks istiqamətdə çatdırılmasının ən qısa və optimal yoludur.
Trend xəbər verir ki, bu
barədə Prezident İlham Əliyevin Xəzər Siyasət Mərkəzinin
təşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı,
maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes
Forumuna müraciətində deyilir.
“Azərbaycanın əlverişli coğrafi mövqeyi – iki qitənin tam
ortasında yerləşməsi bizə bağlılıq məsələlərində mühüm rol oynamağa
imkan verir. Bu gün artıq fəxrlə deyə bilərik ki, Azərbaycanın
uzunmüddətli baxışı və yorulmaz səyləri nəticəsində Asiya və Avropa
arasında daha yaxşı sinerjini təmin edən Orta Dəhliz kimi
irimiqyaslı layihənin reallaşması mümkün olmuşdur. Orta Dəhlizin
tam istismara verilməsi Azərbaycanın iqtisadi potensialı ilə
yanaşı, ölkəmizdə mövcud olan siyasi sabitlik və təhlükəsizlik
amili ilə də şərtlənmişdir”,- deyə dövlət başçısı vurğulayıb.

