Azərbaycan və Albaniya arasında siyasi məsləhətləşmələr keçirilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası və Albaniya Respublikası arasında
birinci siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat
xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının nümayəndə heyətinə
xarici işlər nazirinin müavini Fariz Rzayev, Albaniya
Respublikasının nümayəndə heyətinə Avropa və xarici işlər nazirinin
müavini Endrit Yzeiraj rəhbərlik edib.

İclas zamanı Azərbaycan və Albaniya arasında ikitərəfli və
çoxtərəfli əməkdaşlıq gündəliyində olan məsələlər, eləcə də siyasi,
iqtisadi və humanitar sahələrdə mövcud əməkdaşlığın hazırkı durumu
və gələcək inkişaf imkanları ətraflı müzakirə olunub.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən strateji enerji və
nəqliyyat layihələrinin münasibətlərin inkişafına mühüm töhfə
verdiyi bildirilib. İki ölkə arasında beynəlxalq təşkilatlar
çərçivəsində mövcud səmərəli əməkdaşlığın daha da
genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Qarşı tərəfə münaqişədən sonrakı dövrdə bölgədəki vəziyyət və
yeni reallıqlar, mina təhlükəsi ilə mübarizə istiqamətində görülən
tədbirlər, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan
genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə ətraflı məlumat
təqdim olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər qlobal, regional və
ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.