Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 5%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Amerika Birləşmiş
Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 799,6 milyon
ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 36,7 milyon ABŞ dolları və ya 4,8% çoxdur.

Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi
ticarət dövriyyəsinin 2,49%-i həcmində olub. Bununla da ABŞ hesabat
dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı
ölkələr sırasında 7-ci pillədə qərarlaşıb.

Cari ilin yanvar-avqust aylarında Azərbaycandan Amerika
Birləşmiş Ştatlarına 45,2 milyon dollarlıq məhsul ixracı qeydə
alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,2 milyon ABŞ
dolları və ya 58,7% azdır.




Dövr ərzində Azərbaycandan sözügedən ölkəyə ümumi ixracın 44,6
milyon ABŞ dollarlıq hissəsini qeyri-neft məhsullarının ixracı
təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə 64,5 milyon ABŞ dolları və ya 59,1% azdır.

Eyni zamanda, hesabat dövründə ABŞ-dən Azərbaycana 754,3 milyon
ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da
2024-cü ilin eyni dövrü ilə müqayisədə 101 milyon ABŞ dolları və ya
15,4% artım deməkdir. Bununla da hesabat dövründə ABŞ Azərbaycanın
ən çox məhsul idxal etdiyi ölkələr sırasında 4-cü pillədə
qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan
xarici ölkələrlə 32,118 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,123
milyard ABŞ dolları və ya 3,6% çoxdur.

Xarici ticarət dövriyyəsinin 17,065 milyard ABŞ dolları ixracın,
15,053 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni
dövrü ilə müqayisədə ixrac 1,166 milyard ABŞ dolları və ya 6,4%
azalıb, idxal isə 2,290 milyard ABŞ dolları və ya 17,9% artıb.

Son nəticədə xarici ticarətdə 2,013 milyard dollarlıq müsbət
saldo yaranıb. Bu da illik müqayisədə 3,455 milyard ABŞ dolları və
ya 2,7 dəfə azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir