Babək prospektində qəza olub, bir nəfər ölüb – YENİLƏNİB-1

Baş səhifə

Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində qeydə alınan qəza manevr etmə qaydalarını pozmağın nə qədər təhlükəli olduğunu göstərir.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində bildirilib.

Qeyd olunub ki, nəqliyyat vasitəsini idarə edərkən düzgün manevr etməmək bəzən ağır yol-nəqliyyat hadisəsi ilə nəticələnir:

“Sürücünün həyatını itirdiyi bu hadisədən başqa sürücülər nəticə çıxarmalıdırlar. Müşahidələr göstərir ki, sürücülərin bir qismi hərəkət zamanı düzgün manevr etmirlər və ya manevr edən zaman sadəcə işıq siqnallarını yandırmaqla, üstünlüyün onlarda olduğunu zənn edirlər. Təəssüflər olsun ki, bununla özləri və digər nəqliyyat vasitələri üçün qəza riski yaradırlar.

Hər bir sürücü “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinə nəzər salmalı, göstərilən qaydalara xüsusi diqqətlə yanaşmalıdır. Belə ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.
Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Eyni zamanda nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri yollarda qaydalara riayət etməyə və diqqətli olmağa çağırır”.

***

09.50

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Babək prospektində “Babək” körpüsü üzərində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Chevrolet Aveo” markalı minik avtomobilinin iştirakı ilə yol-qəza hadisəsi baş verib və vətəndaş deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 1996-cı il təvəllüdlü Məmmədli Allahverdi Məmməd oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

08:40

Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.

Qeyd edilib ki, qəza səbəbindən Mikayıl Əliyev küçəsi istiqamətində nəqliyyatın hərəkətinə qısa müddətlı məhdudiyyət tətbiq edilib. Hazırda mərkəz istiqamətində sıxlıq yaranıb.

Polis əməkdaşları tərəfindən nəqliyyatın hərəkətini bərpa etmək üçün zəruri tədbirlər görülür.