
Bakı. Trend:
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc
Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera
Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Səyyar Gənclər
Xidməti” layihəsinin növbəti dayanacağı Qax rayonu olub. 22–26
sentyabr tarixlərində “Suveren dövlət, vətənpərvər gənclik” devizi
altında həyata keçiriləcək layihə yüzlərlə gəncin liderlik, şəxsi
inkişaf, peşə yönümlü bacarıqlarının inkişafı, eləcə də
vətənpərvərlik ruhunun artırılmasına xidmət edəcək.
Layihənin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət
Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda
şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinin bir
dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Rəsmi hissədə Qax
Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova və “Gənc
Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev çıxış
edərək layihənin region gəncləri üçün əhəmiyyətini vurğulayıb, bu
təşəbbüsün onların sosial bacarıqlarının üzə çıxarılması və dövlət
dəstəyi mexanizmlərinin onlar üçün əlçatanlığının təmin olunmasında
oynadığı mühüm roldan danışıblar.
Layihə çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşları tərəfindən
Qax gəncləri üçün maarifləndirici sessiyalar təşkil olunub. Bununla
yanaşı, gənclər peşə seçimi və karyera planlaması, könüllülük
fəaliyyəti, süni intellekt texnologiyalarının tətbiqi, sağlam həyat
tərzinin təşviqi və motivasiya mövzularında inteaktiv təlimlərdə
iştirak ediblər.
Xidmət çərçivəsində “Vətənpərvər gənclik”, “Yaradıcı gənclik”,
“Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera” və
“Əyləncə” başlıqları altında qurulan stendlər gənclərin şəxsi və
peşə inkişafına yönəlmiş müxtəlif bacarıqları nümayiş etdirməsinə
şərait yaradıb. Bu stendlərdə keçirilən intellektual yarışlar,
viktorinalar və master-klasslar gənclərin aktivliyini artırıb,
sosial bacarıqlarının inkişafına töhfə verib. Layihənin sonunda
fəaliyyətləri ilə xüsusi fərqlənən gənclər müxtəlif hədiyyələrlə
təltif ediliblər.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”
elan olunması çərçivəsində həyata keçirilən bu layihə ölkə gəncləri
arasında dövlət suverenliyi və müstəqillik kimi fundamental
anlayışların daha dərindən mənimsənilməsinə, tarixi Zəfərimizin
mahiyyətinin yeni nəslə aşılanmasına, həmçinin mövcud gənclər
siyasətinə uyğun olaraq regionlarda gənclər üçün mövcud imkanlara
əlverişli zəmin yaradılmasına xidmət edir.
Qeyd edək ki, “Səyyar Gənclər Xidməti” layihəsi cari ilin
oktyabr ayının sonunadək respublikanın 15 şəhər və rayonu, o
cümlədən ən ucqar kəndlərini əhatə etməklə mərhələli şəkildə davam
etdiriləcək.