
Bakı. Trend:
Məhkəmə proseslərində iştirak edən şəxslərin davranışları
qanunla ciddi şəkildə tənzimlənir. Hakimin və ya digər
iştirakçıların təhqir edilməsi təkcə etik qaydaların pozulması
deyil, həm də cinayət məsuliyyəti yaradan əməldir.
Trend xəbər
verir ki, bəzən bu tələblərin pozulması praktiki müstəvidə də özünü
göstərir. Belə ki, Sumqayıt Kommersiya Məhkəməsində mübahisəyə
baxıldığı zaman məhkəmə prosesi iştirakçılarından biri – cavabdeh
tərəfin nümayəndəsi dəfələrlə əsassız vəsatətlər qaldıraraq işin
gedişinə mane olub. Məhkəmənin qərarı ilə həmin nümayəndəyə
prosessual davranış qaydalarını pozduğuna görə inzibati cərimə
tətbiq edilib.
Daha sonra o, məhkəməyə təqdim etdiyi ərizədə hakimi təhqir edən
ifadələr işlədib, bu hərəkəti ilə məhkəməyə açıq hörmətsizlik
nümayiş etdirib. Belə ki, qeyri-etik davranış məhkəmənin nüfuzunu
alçaltmaqla yanaşı, prosessual tərəflərin hüquqlarının müdafiəsinə
də mane olub.
Məhkəmə baş vermiş halları nəzərə alaraq xüsusi qərardad qəbul
edib və materialları müvafiq istintaq orqanına göndərib. Aparılmış
araşdırma nəticəsində nümayəndənin əməllərində Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 289.2-ci maddəsi (hakimi təhqir
etmə) ilə nəzərdə tutulan cinayət tərkibi müəyyən edilib. Hazırda
cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.