
Bakı. Trend:
Son on ildə Azərbaycan ali məktəblərində təhsil alan tələbələrin
sayı iki dəfədən çox artıb.
Trend xəbər verir
ki, bunu bu gün Bakıda keçirilən Avrasiya Universitetləri
Sammitində çıxışı zamanı Azərbaycan təhsil naziri Emin Əmrullayev
bildirib.
Onun sözlərinə görə, son on ildə ölkə universitetlərinə qəbul
olunan tələbələrin illik sayı 27 mindən 60 min nəfərə yüksəlib.
“Hər bir insanın təhsilini davam etdirmək imkanı olmalıdır.
Təhsil yalnız elitanın imtiyazı olmamalıdır. Lakin tələbələrin
sayının artması fonunda biz keyfiyyətlə bərabərlik arasında balans
tapmalıyıq”, -deyə nazir vurğulayıb.
İqtisadi aspektlərə toxunan Əmrullayev qeyd edib ki,
universitetlər yalnız təhsil müəssisələri deyil, həm də inkişafın
hərəkətverici qüvvəsidir. “Tədqiqat və innovasiya sahəsində
əməkdaşlıq olduqca vacibdir, xüsusilə iqtisadiyyatlarımızın və
sistemlərimizin müxtəlifliyini nəzərə alaraq. Bu cür tərəfdaşlıqlar
ictimai fayda gətirməli, insanların həyatını yaxşılaşdırmalı və tam
şəkildə dayanıqlı inkişaf məqsədlərinə uyğun olmalıdır”,- deyə o
əlavə edib.
Nazirin sözlərinə görə, Azərbaycan ali təhsil sahəsində regional
və qlobal əməkdaşlığı dayanıqlığın möhkəmləndirilməsi,
innovasiyaların dəstəklənməsi və təhsil sistemlərinin uzunmüddətli
iqtisadi inkişafa birbaşa töhfə verməsinin təmin olunması üçün
zəruri şərt hesab edir.
Əmrullayev tələbələrin beynəlxalq mobilliyinin əhəmiyyətini
vurğulayaraq, ali təhsil sahəsində əməkdaşlığın qarşılıqlı fayda
əldə etməyə yönəlməsinin vacibliyini qeyd edib.
Nazir əlavə edib ki, tədqiqat və innovasiya istiqamətində
əməkdaşlıq ictimai fayda gətirməli, insanların həyat keyfiyyətinin
yüksəlməsinə xidmət etməli və dayanıqlı inkişaf məqsədlərinə uyğun
olmalıdır.

